“Ötən il Əmanətlərin Sığortalanması Fondu ləğvedicisi olduğu bütün müflis bankların yeni yaradılmış Kredit bürosuna qoşulmasını həyata keçirib, bununla bağlı (proqram təminatı, işçilərin təlimatlandırılması və s.) xeyli xərc çəkib. Bu məsələ ləğv prosesinə nəzarət edən apellyasiya məhkəməsinə belə izah edilib ki, guya Mərkəzləşdirilmiş Kredit Reyestrinin funksiyaları Kredit bürosuna keçib. İşdən başı çıxmayan hakimlər də bu xərcləri təsdiqləyib”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə bank məsələləri üzrə ekspert Əkrəm Həsənov yazıb. Ə. Həsənov qeyd edib ki, Mərkəzləşdirilmiş Kredit Reyestrinin funksiyalarının Kredit bürosuna keçməsi həqiqətə uyğun deyil: “Belə ki, “Banklar haqqında” Qanunun 35.4-cü maddəsində bildirilir ki, banklar hər bir borcalan haqqında məlumatı maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi qaydada maliyyə bazarlarına nəzarət orqanında yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verməlidir. Mərkəzləşdirilmiş kredit reyestrində toplanan məlumatlara bank sirrinin bu qanunla müəyyən olunmuş qorunması qaydaları şamil olunur. Banklar tərəfindən borcalanları barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası “Kredit büroları haqqında” qanunla tənzimlənir. Yəni bu iki qurum paralel fəaliyyət göstərir, birinin funksiyaları digərinə keçməyib.
Ən əsası isə “Kredit büroları haqqında” Qanunun 12.1-ci maddəsinə görə yalnız kredit təşkilatları kredit tarixçələrini təşkil edən məlumatı fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim etməlidirlər. Lakin müflis bank artıq kredit təşkilatı deyil, çünki lisenziyası ləğv edilib. Buna görə də müflis bank heç bir halda Kredit bürosuna qoşulmamalıdır. Beləliklə, ləğv prosesində olan bankın Kredit bürosunda iştirakı, buna səy və vəsaitin sərf edilməsi israfçılıqdır”.
“Qafqazinfo” məsələ ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun mətbuat xidmətinə müraciət edib. Bildirilib ki, Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan bankların Kredit Bürosunun sisteminə qoşulması və istifadəsi ilə bağlı heç bir xərc çəkilməyib və bu nəzərdə tutulmayıb.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər