Ekspertlərdən buraxılış imtahanlarına - Şərh

ekspertlerden-buraxilis-imtahanlarina
Oxunma sayı: 1089

Xəbər verdiyimiz kimi, bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 16, 21, 25, 30 iyun tarixlərində respublikanın orta ümumtəhsil müəssisələrində mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarının statistik nəticələrini açıqlayıb.

Daha sonra Təhsil Nazirliyi IX sinif imtahanlarının nəticələri son 4 ildə davamlı olaraq yaxşılaşdığını əks etdirən məlumat yayıb. Məlumatda qeyd olunur ki, bütün fənlərdən müsbət qiymət alan məzunların faiz göstəricisi 2012-ci il ildə 50,3 idisə, 2016-cı ildə bu göstərici 67,3 faizə qədər yüksəlib.

Qafqazinfo” bu məqamda təhsil ekspertlərinin fikirlərini təqdim edir:

Etibar Əliyev:

Bu ilki nəticələrin ötən illərə nisbətən yüksək olmasının bir neçə səbəbini mən qeyd etmək istəyirəm. Ötən il də nəticələr əvvəlki illərə nisbətən yüksək olmuşdu. Burda əsas səbəb kimi müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsi məsələsini xüsusilə qeyd etmək lazımdır, müəllimlərin imtahan vasitəsi ilə işə qəbul olunması, məktəb rəhbərlərinin müsabiqələr yolu ilə işə qəbul olunmaları, əlbəttə ki, keyfiyyətə müsbət təsir göstərir. Bir də əlbəttə, müəllim peşəsinin stimullaşdırılması orta təhsilin keyfiyyətinə müsbət təsir göstərir.

Bu istiqamətdə mən təhsil eksperti kimi obyektiv olaraq deyim ki, bir neçə ildir bunun şahidi oluruq, ilin ən yaxşı müəllimlərinin və ilin ən yaxşı məktəblərinin şəffaf şəkildə seçilməsi də bir təcrübədir, bu təcrübə bir növ rəqabət mühiti yaradır.

Regionlarda təhsilin keyfiyyətindəki dəyişiklik xüsusi qeyd olunmalıdır, qeyd etmək istəyirəm ki, bu regionlarda təhsilin keyfiyyətinə edilən diqqətin nəticəsində baş verib.

Əlbəttə ki, birmənalı şəkildə müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsini qeyd etmək istəyirəm ki, bu proses müəllimlərin üzərinə böyük məsuliyyət qoydu. Təhsilin keyfiyyəti sıçrayışla baş verə bilməz. Bugünkü göstəricilər, buraxılış imtahanlarının nəticələrinə görə bu cür irəliləyişlər sistemli fəaliyyətin nəticəsidir. Hesab edirəm ki bu fəaliyyət davam etdirilməlidir, eyni zamanda məktəb mühitinin yaxşılaşdırılması, müəllimlərin biliklərinin artırılması məsələsi hər zaman gündəmdə olmalıdır.

Şübhəsiz ki, orta təhsilin keyfiyyəti nə qədər yüksək olsa, bu bütövlükdə təhsilin bütün pillələrinə təsir edəcək.

Şahlar Əsgərov:

"Son ilin nəticələrinə baxanda da artıq müsbət dinamikanın şahidi oluruq. Məsələn, bu ilki 9-cu sinif şagirdlərinin göstəriciləri ötən ilki ilə müqayisədə müsbətə doğru irəliləyib. Əgər keçən ilki müvəffəqiyyət göstəriciləri 50% ətrafında idisə, bu il bu göstəricilər 67%-a qalxıb. Bu onu göstərir ki, təhsildə müsbət dinamika var.
Bəs bu nəyin nəticəsidir? Bu son illər təhsildə aparılan məqsədyönlü siyasətin nəticəsidir. Bu siyasətdə mənim diqqətimi cəlb edən təhsil mühitinin dəyişməsinə yönəldilmiş siyasətdi. Bugünkü məktəb 20 ilin məktəbi deyil, bugünkü müəllim 20 il əvvəlki müəllim deyil, bu gün məktəbli də 20 il əvvəlki məktəbli deyil. Yəni düşüncədə xeyli müsbət dəyişikliklər olub.

Firudin Cəlilov- Keçmiş təhsil naziri

Qeyd olunan rəqəmləri nəzərə alsaq, deməli təhsildə artıq irəliləyiş var. Əlbətdə ki, bunu bu işin içində olanlar, orta məktəb müəllimləri daha yaxşı bilərlər. Biz buna ancaq sevinməliyik. Bu bizim ən strateji məsələmizdir və mən bu işdə hər birinizə uğurlar arzu edirəm.