Ekvadorda prezidentliyə namizəd Fernando Vilyavisensio seçkiqabağı mitinqdən sonra qətlə yetirilib.
“Qafqazinfo” ölkənin yerli “El Universo” qəzetinə istinadən xəbər verir ki, Ekvadorun hazırkı Prezidenti Gilyermo Lasso siyasətçinin ölümünü təsdiq edib.
Məlumata görə, seçkiqabağı mitinq ölkənin paytaxtı Kito şəhərində məktəblərdən birində təşkil edilib. Tədbirdən sonra 59 yaşlı Fernando Vilyavisensio məktəbin binasından çıxdıqda onun başına 3 dəfə atəş açılıb və o, hadisə yerində dünyasını dəyişib.
Şahidlərin sözlərinə görə, ümumilikdə təqribən 30-40 atəş açılıb. İnsident zamanı 8 mitinq iştirakçısı yaralanıb. “Ecuavisa” nəşri isə hadisəni törətməkdə şübhəli bilinən 2 nəfərin saxlanıldığını qeyd edib.
Vilyavisensionun qətlə yetirilməsindən sonra prezidentliyə namizəd olan 4 nəfər seçki kampaniyalarını dayandırıb.
Qeyd edək ki, Ekvadorda növbədənkənar prezident və parlament seçkiləri avqustun 20-si keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər