Ekvadordakı iğtişaşlarda 1327 nəfər saxlanılıb

ekvadordaki-igtisaslarda-1327-nefer-saxlanilib
Oxunma sayı: 934

Ekvador Silahlı Qüvvələri və polisi ölkədəki iğtişaşlar zamanı 1327 nəfəri saxlayıb. 

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Ekvador Prezidenti Daniel Noboanın administrasiyası yayıb. 

“2024-cü il yanvarın 9-dan 14-nə qədər 1327 nəfər saxlanılıb, onlardan 143-ü terrorizmdə şübhəli bilinir. Daha 5 terrorçu zərərsizləşdirilib, girov götürülən 11 polis azad edilib, 2 polis əməkdaşı isə vəzifə başında həlak olub”, - deyə məlumatda qeyd olunub. 

Xatırladaq ki, yanvarın 7-si Ekvadorda “Los-Çoneros” bandasının Fito ləqəbli rəhbəri həbsxanadan qaçdıqdan sonra ölkədə təhlükəsizliklə bağlı vəziyyət kəskinləşib. Bunun ardınca, ölkədə bir neçə cəzaçəkmə müəssisəsində qiyamlar baş qaldırıb. Noboa yanvarın 8-i ölkədə fövqəladə vəziyyət və komendant saatı elan edib.