Ekzoplanetlə ulduza “Məhsəti” və “Gəncə” adı verildi

ekzoplanetle-ulduza-mehseti-ve-gence-adi-verildi
Oxunma sayı: 1144

Beynəlxalq Astronomiya İttifaqının (BAİ) 100 illik yubileyi münasibətilə dünyanın 110-dan çox ölkəsində təşkil edilən “BAİ100 Ekzoplanetləri adlandırın” müsabiqəsinin nəticələri ictimaiyyətə açıqlanıb.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından “Qafqazinfo”ya verilən məlumata görə, BAİ tərəfindən hər bir ölkəyə adlandırılması üçün həmin ölkədən görünən və kiçik teleskoplarla belə müşahidə edilə biləcək qədər parlaq ulduz təyin edilib. İştirakçı ölkələrdə Milli Koordinatorlar tərəfindən müsabiqə təşkil edilib, ictimaiyyətin təklifləri qəbul edilib və müsabiqə şərtlərinə uyğun gələn 10 ən yaxşı təklif seçilərək ictimai səsverməyə qoyulub. Səsvermənin nəticələrinə əsasən 3 ən çox səs toplamış təklif, dəyərləndirilməsi üçün BAİ-na təqdim edilib. Bu çoxmərhələli prosesdə dünyanın 110-dan çox ölkəsindən 780000 həvəskar və peşəkar astronom iştirak edib.

“BAİ100 Ekzoplanetləri adlandırın” qlobal müsabiqəsinin iştirakçıları arasında Azərbaycan da yer alır. Müsabiqə çərçivəsində adlandırılması üçün Azərbaycana “Ophiuchus” bürcündə yerləşən HD 152581 ulduzu və onun ətrafında hərəkət edən HD 152581b ekzoplaneti təyin edilib.

Azərbaycan üçün təyin edilmiş ulduz və ekzoplanetə Natella Kərimova tərəfindən təklif edilən “Məshəti” və “Gəncə” adları “BAİ100 Ekzoplanetləri adlandırın” müsabiqəsinin qalibi seçilib.

Qeyd edək ki, qalib gələn adlar mövcud elmi nomenklatura ilə paralel istifadə ediləcək.