“Əl-ələ verək, gedək”- - Fotolar

el-ele-verek-gedek-
Oxunma sayı: 1602


“Qafqazinfo”nun məlumatına görə, Beynəlxalq Mətbuat Mərkəzində baş tutan təqdimat mərasimini şair Rəşad Məcid giriş sözü ilə açıb:

“Sona xanımın poeziyası haqda çox danışmaq olar. Sona xanımla Xumar Qədimovanın ilk birliyi deyil. Bu gün “Əl-ələ verək, gedək” kompozisiyasının təqdimatına yığışmışıq.  Xumar Qədimova, Alim Qasımov və Novruz Novruzlu tərəfindən ifa edilən kompozisiyanın klipindəki şeiri Nurəddin Mehdixanlı səsləndirib. Klipin rejissoru Ramil Ağasıyevdir. Xumar xanımın səsi, ifası mənim üçün fərqlidir, sirlidir, sehirlidir və əzizdir. Gözəl iş ilə bağlı hər kəsi təbrik edirəm”.

Kompozisiyanın sözlərinin müəllifi Sona Vəliyeva “Əl-ələ verək, gedək” haqda fikirlərini bölüşüb:

“Hər kəsə təşəkkür edirəm. “Bu dağların o üzündə” xalq mahnısı elə zəngülələrlə oxunur ki, qərib olan dağlar insanın gözü qarşısına gəlir və  ürəyində nisgil yaradır. O mahnıdan yaranan təəssüratla bu sözləri yazmışam.  Xumar xanıma ayrıca təşəkkür edirəm.  Bu şeir Xumar xanımın ürəyində hansısa hisləri yarada bilibsə, buna çox sevinirəm. Azərbaycan dərdi, işğal olunan torpaqlar, əsirlikdə qalan torpaqlar, əsir düşən dağlar hamımızındır. Dərd böyükdür və o paylananda biz həmrəy oluruq. Bu dərd hamımızındır. Kompozisiya janrının elə bir qüvvəsi var ki, o səslənəndə geniş tamaşaçı kütləsini toplayır.  Sevgi şeirlərim oxuna bilər, rəğbət qazana bilər. Amma vətən, torpaq və ümumiyyətlə bu mövzuda olan dərdlərimizə bəstəkarın, müğənninin müraciəti həmin insanın böyüklüyüdür. Mən bu musiqini sözlərdən qat-qat güclü hesab edirəm”. 

Xumar Qədimova çıxışına Sona Vəliyevanın misrası ilə başlayıb:

“Mən kiçik çıxışımı Sona xanımın sözləri ilə başlamaq istəyirəm. “Şükür ki, ölməmişəm. Elə-belə bu dünyadan getmişəm”. Bu sözləri əbəs yerə  demirəm. Tam səmimiyyətimlə deyirəm ki, bu işi ərsəyə gətirənə qədər şükür ki, ölmədim. Çünki bu işə varlığımı, ürəyimi, vətənə, torpağa sevgimi, ailəmdən aldığım tərbiyəni, Sona xanımın qələminə, hislərinə olan sevgidən bu işə canımı qoydum. Şükür Allaha ki, mən ölmədim və nəticədə gözəl bir iş ortaya çıxartdıq. Bu iş tək Sona xanımın və Xumar Qədimovanın işi deyil, hamımız üçün vacib kompozisiyadır. Sona xanımla son işbirliyim deyil. Sona xanımın sözlərinə möhtəşəm kompozisiya yazacam”. 

Qeyd edək ki, tədbirdə Sona Vəliyeva, Xumar Qədimova, Rəşad Məcid, Qulu Məhərrəmli, Bəxtiyar Qaraca və başqaları iştirak edib.  

Könül