Əlahəzrət sevgi...

elahezret-sevgi
Oxunma sayı: 1411


Klinikada növbə gözləyirdim. Nevropatoloqların qəbulunda həmişə uzun-uzadı növbələr olur. Məndən öncə xeyli adam vardı. Çantamdan “Ovod”u çıxarıb oxumağa başladım. Yanımda təxminən 55-60 yaşlı iki qadın əyləşmişdi. Biri o birinə sarı əyilib eşidə biləcəyim şəkildə dedi: “İnsanların başı xarab olub. Elə bil bura kitabxana-zaddı.” Məni deyirdi. Gülə bilmədim. Çünki oxuduğum səhnə dəhşətliydi...

Bu cür adamlara nəsə izah etməyin mənası yox idi. Həm də belələrindən həmişə uzaq durmağa çalışıram, onlarla ağız-ağıza vermirəm.

Arturun ölüm səhnəsini oxuyurdum. Əllərindəki silahı ona tuşlayan əsgərlər gülləni hədəfdən yayındırırdılar. Hər biri istəyirdi ki, Arturu o, öldürməsin. Həyəcanlıydılar. Kövrəlirdilər. Hamısı Artura olan sevgidən idi...

Qadınların səsi ağacdələn dimdiyi kimi dəlirdi qulağımı. Yaxşı mövzu tapmışdılar: kitabın zərərləri... Lap böyrümdə oturanı iki daşın arasında gəlininin qeybətini edirdi. Gəlini də kitaba meylliydi. Deyinirdi ki, işi-gücü kitab oxumaq, əri ilə teatra, kinoya getməkdi. “Bu xəstəni hardan tapdı, bilmirəm”-dedi qeybətdaşına.

Montanellinin faciəsi... İdealın ölməsi... Əsgərlərdən biri Cemmanı çağırdı. Ovodun güllələnməzdən öncə yazdığı məktubu gətirmişdi. Ovod Cemmanı sevdiyini deyirdi. Məktubda imza yox idi. Lakin uşaq vaxtı birlikdə öyrəndikləri şeirdən iki misra yazmışdı:

Mən xoşbəxt bir kəpənəyəm,

Yaşasam da, ölsəm də.

Növbəm çatdı... Çıxanda klinikanın həyətindəki aptekdə reseptdəki dərmanların qiymətini öyrəndim: 495 manat.

Bu qədər pozitiv olduğum, kimsənin qəlbinə dəymədiyim, işinə qarışmadığım, neqativ auralı adamlardan uzaq durduğum halda 495 manatlıq iynə-dərman qəbul edəcəkdim.

Fikirləşirdim ki, görəsən başqalarının işinə müdaxilə edən, qeybətini qıran, ürəyini sındıran, qaramat düşüncəli, neqativ enerji ötürən adamlara yazılan dərmanlar nə qədər pul tutur?

Metroda kitabın son cümlələrini oxudum. Martini Cemmaya onu sevdiyini deyirdi...

Əlahəzrət SEVGİ...