Elbrus Ezop olmadı

elbrus-ezop-olmadi
Oxunma sayı: 1764

 

Dini mifologiyaya görə, Tanrı “ol” dedi və kainat hərəkətə gəldi. Söz həyatın başlağıcı oldu. Sonra hər şey sözlə başladı, sözlə qurtardı. Tanrıda, birincidə “ol”la başlayan, insanda, sonuncuda “öl”lə başa çatdı. Tanrı fikrində ölüm anlayışı yoxdur, “ol”an şəkildən-şəklə düşərək əbədi həyat yoluna davam edir və bu sonsuzluq universal zəkanın hüdudlarını aşıb dərkedilməz olur. Ölüm yalnız insan fikrində mövcuddur, yalnız insanda ölüm hissi ağılın iştirakı ilə böyüyür, “öl”ən yalnız insandır. Ümumiyyətlə, hiss və ağlın vəhdəti yalnız insanda mövcuddur, Tanrı və təbiət bu fundamental bütünlükdən məhrumdur. Yanılmıramsa, Xəqani Hasda oxumuşdum bu misranı: “Yalnız insan yorulur ölümqabağı”... Yalnız insan ölümü idrak həddində qarşılaya bilir.

Bəlkə də, atəşpərəst əcdadlarımızın xatırlandığı bahar ayinlərinin səs-küyü altında oxuduğum Elbrus Ərudun “Anne annem” kitabındakı sonuncu “Qulaq falı” hekayəsini oxumasaydım, bu yazıya yaradılış haqqındakı qədim təəəssüratlarla başlamayacaqdım. Lakin uzun illər bəxtinin qapısını açacaq sözü eşitmək üçün hər ilaxır çərşənbədə bağlı qapılara üz tutan, nəhayət, yetmiş altı yaşında gözlədiyi o sehrli sözü heç vaxt eşitməyəcəyinə əmin olandan sonra sonuncu qapının ağzından, sanki, sufi kimi ərşə çəkilən qadının hekayətini oxuyanda yenidən sözün, “ol”anı yaradan, “öl”əni öldürən o bir kəlmənin sehrinə, özü də bu dəfə deyilməyən, eşidilməyən batində qalan kəlmənin sehrinə qapdırdım kəndimi, kəndliliyimi.

“Gəlməyəni gözləmək” poetik olduğu qədər ümidsiz bir ifadədir. Tale kimi sufiyanə, situasiya kimi faciəvidir.

“Qafqazinfo.az” saytının yeni doğulmuş çağa kimi hələ qırx günü tamam olmamışdı, adətə görə, nəfəsi dəyməsin deyə hamı uzaqdan-uzağa təbrik göndərirdi. Knut Hamsunun “Aclıq” romanındakı acınacaqlı günlər yaşadığımız bir vaxtda bir “Qızbacı” Elbrusa zəng edib, sayta yardım əli uzatmaq istədiyini söylədi və əlsıxdı mərasiminin yerini gün batandan sonra Səməd Vurğun heykəlinin qarşısına təyin etdi. Sevincimizdən üstümüzdə, içimizdə nə vardısa xərclədik. Bütün var-yoxunu qumarda uduzub lat-lüt yazmağa tələsən Dostoyevski kimi axşam kəsdirdik heykəlin çənəsinin altını. Gün batdı, gündüz kölgələrini gecə kölgələri əvəzlədi, gələn olmadı, ay doğdu, ulduzlar sayrışdı, hətta şər allahının da işıqları yandı, bizim ilahə Hestiyamız isə deyəsən, Aidin yeraltı ölülər səltənətinə vasil oldu, gəlib çıxmadı. Nəhayət, Səməd Vurğunun heykəlini bağdakı üç-dörd insanabənzər əcinnənin öhdəsinə buraxıb ölüvay ümidlərlə  dirilərin yeraltı səltənətinə, metroya endik... həyatın, vətənin dibinə... əsl Azərbaycanın yanına!

Bu izgini sözgəlişi xatırlamadım, ardı var.

Kor Borxes deyirdi ki, dünya Tanrının gördüyü yuxudur. Gəlin biz də cəsarətimizi toplayıb deyək ki, yaradıcılıq insanın həyat haqqında təəssüratlarıdır. Təəssürat – budur ən ali sənət meyarı. Budur əsərin izaholunmaz gücü, ezoterikası. Azərbaycan ədəbiyyatı müntəxəbatını kabus kimi izləyən adsız bir ədəbi janr var. Azərbayan yazıçısı həmişə yapon oriqamisindən, italyan rizottosundan, hind sarisindən yazmasına baxmayaraq, o, mütlıq mətndə yad olduğu bu predmetlərlə özü arasında bir bağlılıq axtarmağa çalışır və ən maraqlısı da budur ki, tapır. Mütləq yazdığı mövzunun bir ucunu özünə bağlayır, hətta ora-bura boylanıb adam olmadığını görəndə özünü hadisələrin mərkəzinə pərçimləyir. Bədii ədəbiyyada bu mərəzi çox zaman “şəxsiyyətə pərəstiş dövrünü”dən irəli gedə bilməyən ədəbi tənqidin, kənardan disident görünsün deyə həqiqəti hakimiyyətin imtiyazlarına deyil, vəzifəli yazıçıların qarşılıqlı “xeyirxahlıq” vəd edən telefon zənglərinə satan müəlliflərin hesabına birtəhər ört-basdır edə bilirik, amma elmi mövzuları özününküləşdirib birinci şəxsin dilindən yazan elm aşiqlərimizi görəndə adam ildırım vurmuş ağac kimi şaqqa-şaraqqla yıxılır önündəki boşluğa. Şüuraltımızın kabusuna çevirilmiş bu milli janrın adı xəlqi dildə “Başagəldi” kimi indekslənir.

Sözsüz ki, hamımız kimi Elbrus Ərud da yeni kitabında bu milli xilaskar qaraçuxadan qurtula biməyib. Məsələn, çeçen cəncəlliyinin reportaj üçün gəl-gəl dediyi zamanlarda təsadüfən əlinə düşən Ramzan Kadırovla müsahibəyə yollanmasını Milli Məclisin foyesində İqbal Ağazadə ilə müxalifətin dalınca qırdıqları qeybətlə başlayır və Bakı-Qroznı təəssüratlarını repartyor itiliyidən daha çox, çapar toz-tozanağı ilə bitirir. Halbuki bu yazı coğrafi istiqamətdə İqbal bəydən Ramzan Kadırova doğru at qaçışı ilə yox, tarixin əks istiqamətində geriyə, İvan Qroznıdan Ramzan Kadrova doğru ləşkər yerişiylə yazılmalıydı. Amma o zalım “başagəldi” kabusu, sanki, reportaj boyunca Elbrusu qabağına qatıb burdan Çeçenistana, Çeçenistandan geriyə qova-qova aparıb-gətirir. Bir oxucu kimi sir-sifətimi turşudan səbəb odur ki, Çecen mücadiləsindən, mücahidindən reportaj yazmaq istəyən jurnalist, ən azı, Tolstoyun “Hacı Murad”ını göz altına almalıdır. Bu, kitab haqqında ümumi tənqidi qeydimdir.

Kitabdakı hekayələr, yazılar haqqında ayrı-ayrılıqda əsnəyə-əsnəyə çənə döymək fikrində deyiləm, bu işlə kari-kori kürkü yırtıq ədəbi tənqidimizin məşğul olur. Məni bu yazını yazmağa vadar edən səbəblərin birincisi yazarlığının sütül vaxtında müəllifi ilk gördüyüm gün qolundan tutub öldürülmüş istedadların morqu olan AYB dəhlizlərindən özümlə birgə həyatın diriliyinə çıxarmağımdırsa, ikinci səbəb kitab boyu korun-korun közərməyə məhkum edilmiş, yazıların qaranlıq mətləblərinin altında işıldaquş kimi aradabir yanıb-sönən, kənardan Azərbaycan istedadının köməksiz taleyinə bənzəyən, Osvensum əsiri kimi işgəncədən canı sirimsiyib bərkimiş jurnalist vicdanının bu qədər çal-çağırın içində Ebrus Ərudda hələ də ölməməsinə heyrət etməyimdir. Mən məişət vicdanından, məişət əxlaqından danışmıram, sənət əxlaqını, peşə vicdanını nəzərdə tuturam. O vicdanı ki, Azərbaycan insanının canında əsir kimi yaşayır bu gün. O vicdan ki, ətrafı gülərüz düşmənlərlə doludur, evdə arvad, işdə yoldaş, həyatda dost, küçədə vətəndaş, siyasətdə hakimiyyət dediyin düşmənlərin mühasirəsində qala kimi dayanıb. O sənət əxlaqından danışıram ki, məişət əxlaqına məğlub olmayıb, milli şüuraltımızda çaxan məişət ildırımlarının gurultusundan qorxmayıb, rüşvət almağına arvad-uşaq saxlamağı ilə haqq qazandırmayıb. Jurnalistin istedadı onun vicdanıdır. Azərbaycanda jurnalist öz vicdanına xəyanət edəndən sonra ya partiya funksionerinə çevirilir, ya QHT rəhbərinə, ya da hüquq müdafiəçisi işləməyə başlayır, bəd ayaqda qələmini dəyişib yazıçılığa girişir; yetənə yetir, yetməyənə bir daş atır, qaşınmayan yerdən qan əvəzinə, pul çıxarır. Elbrus Ərud bu mənada ehtimallar nəzəriyyəsini səhv çıxardı (sonrasından özü-özünü saxlasın): hamımıza, hər şeyə xəyənat etdi, jurnalist vicdanından başqa. Hətta əlimin altında olan bu kitabında bizə hekayə kimi təqdim etdiyi yazılarında da bu vicdan onu, ən azı, publisistik dil yüyrəkliyindən, bədii dil astagəlliyinə enməyə qoymayıb; mətnlərdə cəsarət gözlədiyin sözü, yazılacağına inanmadığın yerdə, həm də mıx kimi düppədüz yazıb. Üstündə ağız gəzdirən qarından başqa bir şeyə bənzəməyən milli ezoplarımıza tay-tuşluq etməyib. Ezop kölə idi, o həyatı, azadlığı naminə üstüörtülü danışmağa məhkum idi, bu mənada onu bağışlamaq olar, amma məişət firavanlığı naminə susan, ağzını açanda da bətnində böyütdüyü senzorun zəhmi altında ifadə verirmiş kimi danışıb kölə olmağa, Ezop olmağa könüllü razılaşan qələmgəzdirənləri heç cür bağışlamaq olmur. Mən Elbrusun “Anne annem” kitabında anadangəlmə bir azadlıq gördüm. İnanıram ki, o, hətta Həcc ziyarətinə də ənənəvi mömin təmənnası ilə deyil, məhz jurnalist marağı ilə getmişdi və Allah onu nə vaxtsa bağışlamaq fikrinə düşsə, bu ziyarətin ibadətinə görə yox, peşəsinə olan sədaqətinə görə bağışlayacaq.