Elçin Əmirbəyov “France24”ün efirində Ermənistan təxribatı ilə bağlı bunları dedi

elcin-emirbeyov-france24un-efirinde-ermenistan-texribati-ile-bagli-bunlari-dedi
Oxunma sayı: 3689

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov, Fransanın "France24" telekanalının təşkil etdiyi Ermənistan-Azərbaycan zonasında hərbi əməliyyatların yenidən başlamasına həsr olunmuş teledebat zamanı Azərbaycanın mövqeyini səsləndirib.

"Qafqazinfo" xəbər verir ki, müzakirələrdə Fransa və Böyük Britaniyadan olan politoloqlar Tornike Qordadze, Lourens Brurs, eyni zamanda Marsel Universitetinin (Fransa) siyasi elmlər doktoru Taline Papazyan da iştirak edib.

E.Əmirbəyov Ermənistanın 27 ildir ki, Azərbaycana qarşı davam edən təcavüzünün, o cümlədən Dağlıq Qarabağın və yeddi ətraf rayonun Ermənistan tərəfindən qanunsuz olaraq işğal edilməsinin nəticələri barədə ətraflı danışıb. O, Ermənistanın son hərbi təxribatı və hücumunun qanunsuz işğal, etnik təmizləmə və beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması ilə nəticələndiyini bildirib. E.Əmirbəyov münaqişə zonasında formalaşan və bütün dünya birliyi üçün qəbuledilməz olan status-kvonun möhkəmləndirilməsi üzrə Ermənistan strategiyasının daha geniş kontekstində nəzərdən keçirilməli olduğunu qeyd edib. Dediklərini əsaslandıran Elçin Əmirbəyov Ermənistan tərəfindən son dövrlərdə törədilən bir sıra təxribatı - iyul və avqust aylarında intensiv davam edən silah təchizatını, Ermənistan hökumətinin 100.000 döyüşçü sayına qədər səfərbərlik planını elan etməsi, etnik ermənilərin məskunlaşmasının artırılması və işğal olunmuş ərazilərdə Orta Şərq ölkələrindən muzdlu və terrorçuların köçürülməsi kimi digər qanunsuz fəaliyyətləri və həmçinin oktyabr ayında Ermənistanda planlaşdırılan KTMT birgə təlimlərini xatırladıb.

Qeyd edilib ki, bu hərəkətlər Azərbaycanı cavab addımı atmağa təhrik etmək, münaqişənin aktiv mərhələsini yenidən bərpa etmək, üçüncü qüvvələri öz tərəfində münaqişəyə cəlb etməyə çalışmaq və bununla da işğal olunmuş ərazilər üzərində uzun müddət nəzarəti qoruyaraq sülh prosesini pozmaq məqsədi daşıyıb.

O, vurğulayıb ki, Azərbaycan hazırda suveren ərazilərində əks-hücum əməliyyatları həyata keçirir, BMT Nizamnaməsində nəzərdə tutulmuş fərdi özünümüdafiə hüququndan istifadə edir və ərazisini qeyri-qanuni xarici hərbi mövcudluqdan təmizləyir.

Beynəlxalq ictimaiyyətin fəaliyyətsizliyi nəticəsində yaranmış cəzasızlıq hissi Ermənistan rəhbərliyini son hərbi avantüraya başlamağa sövq etdi, hansı ki, Ermənistan rəhbərliyinin dağıdıcı və təxribat xarakterli siyasətinin məntiqi davamıdır.

Mövcud vəziyyətdə Türkiyənin artan fəallığı ilə bağlı sualı cavablandırarkən, Birinci vitse-prezidentin köməkçisi bildirib ki, Türkiyənin münaqişənin sülh yolu ilə həlli prosesində mövqeyi yeni deyil və ATƏT-in Minsk Qrupunun qurulduğu andan etibarən onun tam-hüquqlu üzvüdür.

Azərbaycanın müttəfiqi və ən yaxın dostu olan Türkiyə, erməni təcavüzünün nəticələrini aradan qaldırılması və ilk növbədə, Azərbaycan torpaqlarının qanunsuz işğalına son qoyulması yolu ilə Cənubi Qafqazda ədalətli bir sülhün bərpasının tərəfdarıdır. Ermənistanın davamlı olaraq KTMT kimi xarici qüvvələri cəlb etmək və dəstək almaq cəhdləri fonunda Türkiyənin mövqeyi və Azərbaycanla həmrəyliyi regional təhlükəsizlik kontekstində sabitləşdirici və tarazlaşdırıcı amil kimi qiymətləndirilməlidir.

Ermənistan mövcud status-kvonun qəbuledilməz olduğunu və buna görə dəyişdirilməli olduğunu anlamalıdır. Daha çox ağır nəticələrin qarşısını almaq üçün Ermənistan rəhbərliyi dağıdıcı siyasətini davam etdirməyin mənasızlığını etiraf etməli, hərbi təcavüzə son qoymalı və heç bir şərt irəli sürmədən nəticəyə yönəlmiş danışıqlar masasına oturmalıdır.