“Elə danışırsınız ki, elə bil skuter sürürsünüz”

ele-danisirsiniz-ki-ele-bil-skuter-surursunuz
Oxunma sayı: 5462

Azərbaycanda skuterlərə fərqlənmə nişanlarının taxılması təklif edilib. 

“Qafqazinfo” xəbər verir ki, belə bir təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Şahin İsmayılov çıxış edib. 

Deputat bildirib ki, bu gün şəhərdə skuterlərdən istifadə olunur: “Skuterlərin sürəti 60 km saat çərçivəsindədir. Bəzi skuter sürənlər də yol-hərəkəti qaydalarına əməl etmirlər. Xaricdə bu məsələnin aradan qaldırılması üçün skuterlərə fərqlənmə nişanlarının taxılması məcburiyyəti gətirilib. 

Bizdə də bu təcrübədən istifadə olunsun. Azərbaycanda artan templə skuterlər yayılmağa başlayıb. Fərqlənmə nişanlarının qoyulması nəticəsində gələcəkdə qəza törədən zaman kimlərin günahkar olduğunu aydınlaşdırmaq olar”. 

Sədr Sahibə Qafarova skuterin sürət göstəricisinin olub-olmaması ilə maraqlanıb: “Elə danışırsınız, elə bil skuter sürürsünüz”.

Millət vəkili Nigar Arpadarai isə mopedçilərin qeydiyyat məsələsinin önəmli olduğunu bildirib: “Sərxoş şəkildə moped sürən sürücülər belə var”.

Deputatın sözlərinə görə, velosiped yolları çəkilməlidir: “Velosipeddən istifadəni stimullaşdırmalıyıq. Biz velosipeddən nəqliyyat vasitəsi kimi istifadə etməliyik. Bulvar ərazisindən ictimai nəqliyyat kimi velosipeddən istifadə etməliyik”.

Eldar Tanriverdi