Elektron xidmətlərdən istifadə sayı artıb

elektron-xidmetlerden-istifade-sayi-artib
Oxunma sayı: 772

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə müraciətlərin sayı artıb.

Qurumdan “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, fevral ayında nazirliyin e-xidmətlərindən istifadə sayı əvvəlki yanvar ayı ilə müqayisədə 56,7 faiz artaraq 273 724-ə çatıb.

Nazirliyin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən faydalananların sayında da artım özünü göstərib. Belə ki, fevral ayında əhali “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətindən 180 061 dəfə, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən isə 25 578 dəfə istifadə edib ki, bu da yanvar ayı ilə müqayisədə müvafiq olaraq 45,6 faiz və 11,2 faiz çoxdur.

Ümumilikdə cari ilin yanvar-fevral aylarında əhali Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən 448 432 dəfə istifadə edib ki, bu da son iki ayda “Elektron Hökumət” portalından ümumi istifadənin (1 727 877 dəfə istifadə) 26 faizə yaxını deməkdir.