Ələt qəsəbəsində sakinlərin problemləri müzakirə olunub - Fotolar

elet-qesebesinde-sakinlerin-problemleri-muzakire-olunub
Oxunma sayı: 1957

Ölkə başçısının tapşırığına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun paytaxtın qəsəbələrində keçirdiyi əhali ilə görüşləri çərçivəsində Qaradağ rayonu Ələt qəsəbəsində sakinlərinin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə növbəti görüş keçirilib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, yüzlərlə sakinin, həmçinin qonşu qəsəbələrin nümayəndələrinin iştirakı ilə təşkil olunan görüşdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri Ayaz İmaməliyev, Nüsrət Sadıqov ilə yanaşı Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Qaradağ rayonunun müvafiq təsərrüfat və xidmət sahələrinin rəhbərləri də iştirak edərək sakinlərin müraciət və təkliflərini ayaq üstə dinləyib.

Əvvəlcə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Ələt qəsəbəsi üzrə nümayəndəsi Eldar İbrahimov qəsəbədə görülmüş işlərlə bağlı hesabatı dinlənilib.

Sakinlərin böyük fəallığı, yaradılan səmimi abu-hava şəraitində və ənənəvi “Açıq mikrofon” formatında ilə keçən görüşdə çıxış edən qəsəbə sakinləri Bakı şəhərində, eyni zamanda, Qaradağ rayonunun Ələt qəsəbəsində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və ölkəmizin Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, həyata keçirilən siyasi kursa birmənalı dəstək ifadə ediblər. 

Sakinlər qarşısında çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul işçisi Ayaz İmaməliyev bildirmişdir ki, bu gün paytaxtımız sürətlə inkişaf edir və müasir görkəm alır. Cənab Prezidentin dövlət qurumları rəhbərləri qarşısında qoyduğu əsas tələb vətəndaşların problemlərinin həllinə öz problemləri kimi yanaşmaqdır.

Qaradağ rayonunda aparılan genişmiqyaslı quruculuq və abadlıq işlərindən, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin təmiri, və s. məsələlərdən danışan Ayaz İmaməliyev bildirmişdir ki,  “Dövlətimizin başçısı qarşıya paytaxtın qəsəbələrinin də daha da inkişaf etdirilməsi ilə bağlı tapşırıq qoyub”.

Maraqlı dialoq şəklində keçmiş görüşdə 16 sakin çıxış etmiş, onları narahat edən məsələlər dinlənilib və müvafiq tapşırıqlar verilib. Müraciətlər əsasən su və kanalizasiya xətlərinin yenilənməsi, məhəllədaxili yolların təmiri və işıqlandırılması, fərdi yaşayış evlərinin sənədləşdirilməsi, qəsəbədə yeni uşaq bağçası və məktəb tikintisi, qəzalı binalarda yaşayanların yeni evlərə köçürülməsi  və s. olmuşdur.

Bütün müraciət və təkliflər nəzarətə götürülmüşdür.