Elgiz Əkbərlə işiniz olmasın

elgiz-ekberle-isiniz-olmasin
Oxunma sayı: 3557


Türklərin “Ev” adlı maraqlı bir filmi var.

Baxmayanlar üçün qısa özətləyim: Məşhur telekanalların birində “Ev” adlı realiti-şou gedir. Eynən bizim keçmiş “Qəfəs” verilişi kimi... Evdəki adamlar öz şit-şit hərəkətləri ilə az-çox kitab-qəzet oxuyan kəsimin zəhləsini tökməkdə, onların əsəbləri ilə oynamaqdadır. Qəflətən canlı efir silahlı basqına məruz qalır. Bir terrorçu gənc telekanalın binasına partlayıcılar yerləşdirərək içəri soxulur və “Ev” sakinlərini girov götürür. Şərti çox maraqlıdır: realiti-şou davam edəcək və bu əvvəlki kimi yalançı yox, həqiqi şou olacaq. Terrorist efirdən internet saytı elan edir və Türkiyə xalqına 6 dəqiqə vaxt verir. Əgər xalq terroristlə şounun davam etməsini istəyirsə 6 dəqiqə ərzində 2 min səs versin, əks təqdirdə o, canlı efiri sakitcə tərk edəcək. Ölkənin bütün telekanalları həmin efirə bağlanır və hamı xalqa müraciət edib adamları səs verməməyə çağırır. Fəqət az bir vaxtda 2 min səs yığılır və realiti-şou davam edir...

Filmin mesajı nədir sizcə. Məncə, film kütlənin etibarsızlığından danışır. Kütlə şüursuzdur. O, bəzən bir dəqiqəlik əylənmək üçün insan taleləri ilə oynamağı tərcih edə bilər. Bəzən kiminsə faciəsi kimisə əyləndirir. Bu danılmaz həqiqətdir...

Son günlər CİN mövzsunun gündəmi əməlli-başlı zəbt etməsi nədənsə yadıma bu filmi saldı. 

CİN mistik obrazdır. O, hər yoldan keçənin lağ edəcəyi qədər bəsit varlıq deyil. Mən dindar deyiləm, ancaq müsəlmanların səmavi kitabında ayrıca Cin surəsinin olmasını təsadüfi saymıram.

İslama görə heyvan bədən və candan, insan isə bədən, can və ruhdan ibarətdir. Cin isə bədəndən və ruhdan məhrumdur. Sadəcə CAN-dır. Cin və Can sözlərinin səslənişindəki yaxınlıq həm də məna ilə  tamamlanır. Eyni mənşəli sözlərdir. 

Cin özündə həm heyvanın, həm insanın xüsusiyyətlərini daşıya bilir. O ruh kimi görünməz, bədən kimi görünən ola bilir. Müxtəlif şəkillərə düşür. Və Cinin şeytanın qoşunlarından olduğu da bəllidir. Buraxın dini, bizim adi folklor əhvalatlarında Cinin yeganə qorxduğu “Bismillah” sözüdür. 

Bu cür maraqlı mistik obraz Markes kimi sənətkarların əlində xarüqələr yaratdığı halda Azərbaycanda adamları başıboş fanatizmə yuvarlayır.

Azərbaycan cəmiyyəti xəstədir. Bunu birmənalı qəbul etmək lazımdır. Səbəblərini araşdırmayaq... Bəlkə bunu ediblər, edirlər, bəlkə özündən elə xəstə yaranıb, indilikdə mövzumuz bu deyil. Xəstə cəmiyyət normal verilişləri və kitabları qəbul etmir. O, inamını itirib, ümidsizidir. Bütün mütərəqqi ideyalara qıcıqlanır. Çörəyin qiymətinin qalxmasına, benzinin bahalaşmasına, məmur özbaşınalığına, qanunların eşşəkcəsinə pozulmasına laqeyddir. Ağıllı sözünü vicdanlı sözünün antonimi kimi işlədir. İcra başçısının rayonla öz holdinqi kimi rəftar etməsini, məmurun rüşvət almasını, müəllimin yaltaqlanmasını, qorxaqlığını, həkimin pula görə xəyanətini normal qəbul edir. Sanki elə belə də olmalıymış. Çünki mütləq əksəriyyətin “bundan yaxşı”dan xəbəri yoxdur. Azərbaycan insanı qorxaqdır, zövqsüzdür, saxtadır. “Mən salim olum” məntiqi ilə yaşayır. Satanda aldadıb baha satmağı, alanda nömrə gəlib təhqiredici həddə ucuz almağı igidlik sayır. Polisə döyülməyi az qala adi məişət hadisəsi hesab edir. Özündən zəifi minməyi, özündən güclüyə minilməyi həyat amalına çevirib. Və sairə... Və sairə...

İndi, siz deyin, bu insanlar Həmid Herisçinin “Gecə kanalı”na baxacaq, yoxsa İlham Mirzəyevin “Etiraf” verilişinə? Böyük Üzeyirə qulaq asacaq, yoxsa balaca Üzeyirə? Meyxana dinləyəcək, ya şeir oxuyacaq? 

İnanın, bu adamlara demokratik seçki vermək avam bir adama avtomat silah vermək kimi təhlükəlidir. Elə adamları seçər ki, əlin üzündə qalar. Bir də görərsən Namiq Məna Parlamentdən xalqa intellektuallıq öyrədir. Manaf Ağayev mədəniyyət naziri işləyir. 

Çox eşitmişik, guya, günahı xalqda axtarmaq qorxaqlıqmış! Hadi lan burdan! Bu xalq üçün nəinki mübarizə etməyə, heç asqırmağa da dəyməz!

Elgiz Əkbəri tənqid edənlər, onu lağa qoyanlar, bilsinlər ki, ömürləri boyu bu qədər ciddi gündəm yarada bilməyiblər! Elgiz göstərdi ki, hamımız cindar və cinşünasıq. Hamımızın içində cin var və o çıxarılmalıdır.

Lütfən bu xalqı öz mahiyyəti ilə baş-başa buraxın.

Balığı at dəryaya...