Əli Əkbər laxladır

eli-ekber-laxladir
Oxunma sayı: 3330



Əgər bir ölkənin müxalifəti hadisələrə demokratik yanaşa bilmirsə, diktatordan demokratiya gözləməyin özü gülməlidir. 

Volter deyirdi ki, sizə kimin hökm etdiyini bilmək istəyirsinizsə, yalnız kimi tənqid etmək icazəniz olmadığını tapın.

Əvvəla deyim ki, Əli Əkbərin yazı estetikasını heç vaxt bəyənməmişəm. O yazanda mənə elə gəlir ki, iki məhəllə qadını tumanını başına atıb dava edir. Amma hər zaman marağıma səbəb olan yazılarını oxumuşam. Yazı dili nə qədər bayağı olsa da, danılmaz bir həqiqət var ki, bu adamdan çox şey öyrənmək olar. Bir yazar kimi mənim yazarımdır deyə qəbul etməyə bilərəm, amma informasiya mənbəyi, intellekt, analitik nəzəriyyəsi güclü və azad düşüncəli biri olduğunu danmaq naqislik olardı. Məlum yazısına çoxları sərt reaksiya verdi və təbii ki, müdafiə edənlər də oldu. Amma bu mövzu açılmışkən mən Əli Əkbərə ən çox sərt reaksiya verən fanatik müxalifətçilərdən və içi boş qoz qabığını xatırladan müxalifətdən danışmaq istəyirəm. Və qeyd edim ki, bu yazını Əli Əkbərin yazısını dəstəkləyən radikal bir müxalif kimi yazıram. 

Məsələ necədir? Əli Əkbər hələ QHT-ləri deyib.  Bu müxalifətin özü nə iş görür ki? Onlar da kreslosunda oturub hazır gəlir mənbələrindən heç bir iş görmədən yem yeri kimi istifadə etmirlərmi? Əslinə qarşılıqlı anlaşmadı. Axı belə müxalifətdən rejim niyə incisin? Siz kreslonuzda, biz kreslomuzda. 

Bu iqtidarın dəyişməyini tələb edən müxalifət, diktator-diktator deyə bağıran müxalifət 20 ildir müxalifət başqanlığını özünə vəzifə kimi görən İsa Qəmbəri nə hesab edir? Günel Mövlud yaxşı deyir ki, “qələm adamı haqlı yerə olsa belə, müxalifəti tənqid edən kimi, bir dəstə qaraguruh «hakimiyyətə işləyir», «hakimiyyətin dəyirmanına su tökür» kimi ucuz, özü də hakimiyyətin ritorikası olan təyinatlar verirlər. Halbuki, müxalifətin lideri, iclas çağırıb, bütün yazıçıları prezidetinə səs verməyə çağıran və bunu açıq-aşkar edən Anarı dəyər elan eləyirdi. Amma hünəri vardı bir yetim gənc yazar bunu dilə gətirsin ki, İsa Qəmbər niyə Anarı dəstəkləyir. O dəqiqə elə müxalifətin içindən azı yüz adam peyda olub, təxminən «Anar qoysun sizə!» janrlı reaksiyalar verirdilər. “

Axı necə olur ki, müxalifətdən birinin oğlu tutulan kimi yazmadığı qurum qalmır, 3-4 gündən sonra bunların oğlu çıxır, amma Rəşadət, Rəşad, Zaur Qurbanlı və digərləri kimi onların özlərindən və uşaqlarından xeyli savadlı, bu xalqa canı yanan, ideologiyalarında səmimi olan gənclər içəridə çürüyür? Bunun İsa Qəmbərə dəxli yoxdur bəlkə. Bəli, çünki İsa Qəmbər guya siyasətlə məşğuldur, amma o uşaqlar bütün qəlbləriylə xalqını düşünür. Əli Əkbər də onlara yandığından deyir ki; “İndiyə qədər anlaya bilmirəm ki, Zaur Qurbanlı kimi ziyalı, o həbsxanada nəyin uğruna oturub? Ciddi deyirəm. Belə gənclərin zamanına, səhhətinə, potensialına yazıq deyilmi?” - indi siz bunu niyə yoxuşa çəkirsiniz? Niyə belə qələmə verirsiniz ki, guya Əli Əkbər o gənclərin mübarizəsini yerə vurur? Əli Əkbər deyir ki, dəyməz. Nə onlardan xəbəri olmayan xalqa, nə də xalq təfəkküründən təfəkkürü fərqlənməyən bu müxalifətə görə dəyməz. Mən də ürək ağrısı ilə onun bu sözlərinə qoşuluram. Vallah dəyməz. 

Müsavata yazan bir jurnalis-köşə yazarı ilə müsahibə etdim. Sonra bir söhbət əsnasında bir az da yaxından tanıyanda qəti anladım ki, bunlar sadəcə yaxşı müxalif cümlələr qururlar. Bəlkə də xalqa da yanırlar, amma bunların təfəkkürü ilə heç bir mənası yoxdur o yanmanın. Çox aqrar təfəkkürlüdürlər. Nə qədər ki, İsa Qəmbərin yerinə bu müxalifəti Rəşadət, Rəşad, Zaur Qurbanlı, Üzeyir kimi işıqlı gənclər idarə etməyəcək, o qədər də nə Anar kreslosundan durmayacaq, nə də bu iqtidar dəyişməyəcək. Əslində bu müxalifətin mahiyyətini Seymur Baycan xeyli vaxtdır sizə izah etməyə çalışır. Bəy yazılarının birində deyir ki, “Haqqımda ən pis yazıları müxalifət yazarları yazıblar. Heç kimdən qisas almıram. Sadəcə hərdən göstərirəm ki, siz siyasətçi deyilsiniz. Siz  prinsipsiz, tənbəl, molladan, meyxanadan, xalçadan, muğamdan, mentalitetdən qorxan adamlarsınız. Qoy indi dəyər hesab etdikləri Anar onları qorusun.  Bu adamların hakimiyyətə gələ bilmədiklərini başa düşdük, heç olmasa əllərində olan imkanlarla sübut etsinlər ki, bəli, neft ölkəsində yaşayırıq, Avropa nefti alıb demokratiyaya tüpürüb, ziyalılar təqaüd alıb susub, xalq yatıb, amma baxın biz doğurdan da demokratıq. Nə gündədi onların qəzetləri? Zatən o qəzetləri vərəqləyəndə bu adamların hansı təfəkkür yiyəsi olduqları ortaya çıxır. Siz mənə təfəkkürü Siyavuş Novruzovun təfəkküründən fərqlənən on müxalifətçi adı sadalayın bu söhbəti bitirək. Yoxdu. Əgər təfəkkürü Siyavuş Novruzovun təfəkküründən fərqlənən on müxalifətçi yoxdursa, o zaman bütün bu davalar nə üçündür?  “ Və təmami ilə haqlıdır. 


Özünü ağıllı sayan biri deyir ki, “Əli Əkbəri ağ yuyub qara sərirsiniz deyə yazılarını oxudum. Əcəb olur sizə. Ömür-günümüzə köşə yazıları ilə oturmuşdunuz. Ədəbiyyatı ilahi bir sənət kimi camaata sırıyırdınız. İndi həmin adamlar öz yaratdığı monsterlə dava eləyir“. Ədəbiyyatı zəif və dəyərsiz bir şey kimi göstərən belə mahiyyətsiz adamların Əli Əkbərdən danışması özü paradoksdur e. Lap Əli Əkbər pis yazır, səhv deyir, axı sənin ədibiyyatla nə işin? Əlbəttə maarifləndirici, oxumağa xidmət edən bir sənət müqəddəsdir. Özü ədəbiyyata girə bilməyənlər indi yazarlara da qara yaxmağı buraxıb, ədəbiyyatı küçümsəməsi nə qədər acınacaqlıdır, ilahi. Türklər demiş, nəyin kafasını yaşayır bunlar? 

Necə olur ki, illərlə müxalif yazanda Əli, Günel, Seymur can olur, bir dəfə iqtidaryönümlü də yox ha, hadisəyə demokratik yanaşıb, şərh edəndə gülməli, absurd “İqtidara yıxıldılar” kimi şərh edirsiniz? Hə, əşi, bu yazarların bir yazıya görə burdan İsveçə, Almaniyaya bir köşəyə ciblərini doldurdular. Halbuki o yazıların heç qonorarını da almırlar ha. Çünki belə yazını heç bir müxalif sayt demokratik yanaşıb saytına verməz, nəinki hələ bir qonorar da ayıra. Ancaq öz idarələrində olan saytda yayımlanır.

 Sonda deyəcəyim bu ki, bu adamların fanatı deyiləm. Bəzən nə ədəbi, nə də hadisələrə münasibət baxımından fikirlərini dəstəkləmədiyim də olur. Bəlkə də onların yaşına gələndə bu günki ədəbiyyatı heç ədəbiyyat da hesab etməyəcəm. Bəlkə də əksinə. Bilmirəm, zaman göstərər. Amma danılmaz bir həqiqət var ki, onlar həqiqətən varlar.  Hadisələrə maksimum tolerant, demokratik və heç kimin təsiri altında qalmadan, azad yanaşmağa çalışırlar. Mənim kimi bir çox yeni cik eliyən istər fəalı, istər gənc yazarı onları oxuyub gəlmişik. Nə götürmüşük, fikirlərimiz həmfikir və ya ziddir ayrı məsələdir. Amma danılmaz həqiqətdir ki, doğruya can atan 2-3 nəfər elə onların özləridir. Heç bir halda bu haqqınız yoxdur ki, durub Əli Əkbərə üzünü indi göstərdin dəyəsiniz. Gedin görün bütləşdirdiklərinizin başqa üzünü görə bilirsinizmi? Nah göstərərlər. O maskalar çətin cırıla.