Əli Həsənov Yaponiyada səfərdə olub - Fotolar

eli-hesenov-yaponiyada-seferde-olub-
Oxunma sayı: 2280

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov martın 7-dən 11-dək Yaponiyada səfərdə olub.

“Qafqazinfo” xəbər verir ki, Yaponiya tərəfinin dəvəti ilə həyata keçirilən səfərin məqsədi iki ölkə arasında qarşılıqlı əlaqələrin mövcud durumu və inkişaf perspektivləri, bu əlaqələrin daha da intensivləşməsi istiqamətində ətraflı fikir mübadiləsi aparmaq olub.

Ə. Həsənovun Yaponiya Nazirlər Kabineti baş katibinin müavini, parlamentin üzvü Hiroşiqe Seko ilə görüşündə ölkəmizin malik olduğu karbohidrogen ehtiyatlarının hasilatından bacarıqla istifadə edərək son illər mühüm uğurlara imza atdığı xüsusi qeyd edilib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını vurğulayan H.Seko ölkəmizin bu sahədə nail olduğu ciddi irəliləyişin Yaponiyada maraqla qarşılandığını deyib.

Əli Həsənov Azərbaycan ilə bu gündoğar ölkənin ikitərəfli və beynəlxalq müstəvidə əməkdaşlığının vacibliyini vurğulayıb. Yaponiyanın Sakit okean, Azərbaycanın isə Xəzər hövzəsi və Cənubi Qafqazda əhəmiyyətli rol oynadığını, yapon şirkətlərinin ölkəmizin iqtisadiyyatına investisiya qoyuluşunu davam etdirməsinin zəruriliyini qeyd edib.

Ə. Həsənov Baş nazirin səhiyyə və idman məsələləri üzrə xüsusi müşaviri, Yaponiya Nazirlər Kabineti nəzdində Olimpiya Agentliyinin rəhbəri Takeo Hirata, xarici işlər üzrə dövlət naziri, xarici işlər nazirinin müavini Miki Yamada və Yaponiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşlərində əsasən iki ölkə arasında iqtisadi, mədəni, sosial və idman sahələrində əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb. Görüşlərdə son illər Azərbaycan ilə Yaponiya arasında rəsmi səfərlərin intensivləşdiyi xüsusi vurğulanıb.

Əli Həsənovun keçirdiyi görüşlərdə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə də iştirak edib.

Səfərin sonunda Hiroşima və Kioto şəhərlərini ziyarət edən Ə. Həsənov tarixi keçmişə malik bu yaşayış məntəqələrinin görməli yerləri ilə tanış olub. Hiroşima şəhərindəki Sülh Memorial Muzeyində və Sülh parkında olan Əli Həsənov II Dünya müharibəsi qurbanlarının xatirəsinə ehtiramını bildirib.