“İmarət” Kiyevdə “Qarabağ” aksiyasına hazırlaşır. Bu aksiya barədə danışmazdan əvvəl ötən həftənin mənzərəsinə Qarabağ prizmasından baxaq.
Çox maraqlı bir həftə oldu. Şuşanın işğalı qeyd olundu. Yenə də hərə öz bildiyi kimi. Kimisi Seyid Əzim demiş, “dərdini xəlvətdə çəkdi”. Kimisi Şəhidlər Xiyabanında müqəddəs ruhları ziyarət elədi. Kimisi elə həmin xiyabanda şəkil çəkdirib sosial şəbəkədə paylaşdı. Kimisi yenə ....
Nə isə, kimin nə etdiyini özünüz bilirsiniz. Amma ötən həftə mənim diqqətimi çəkən çox mühüm hadisə Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun verdiyi bəyanat oldu: “Bizim problemlərin səbəbkarı Rusiya, ABŞ və Fransadır”.
Bu bəyanat hazırkı durumu birmənalı ifadə edir. Sözsüz ki, bu münaqişəyə maraqlar prizmasından baxanlar lazım olanda Rusiyanı, lazım olanda ABŞ-ı, lazım olanda Avropanı günahlandırır. Amma bu tərəflərdən birini və ya ikisini günahlandıranlar yaxşı bilməlidir ki, bununla əslində Qarabağdan kart kimi istifadə edənlərin dəyirmanına su tökür.
2010-cu ildə Ermənistan səfərim zamanı işğalçı ölkənin durumunu stimullaşdıran məqamları araşdırmaq qərarında idim. İmkan düşən kimi sadə vətəndaşlarla, ictimai fəallarla söhbətlərim olurdu. Belə söhbətlərin birində dünən də, bu gün də hamımızın bildiyi bir həqiqəti yeni təqdimatda eşitdim və problemin uzanma səbəblərindən olan çox mühüm bir reallığa əmin oldum. Həmin söhbətimizin qısa stenoqramı belə idi:
- Ermənistanın iqtisadi durumu, yumşaq desək, ürəkaçan deyil. Bəs həm toplum, həm də fərd olaraq ermənilər hansı mənbədən maddi və mənəvi stimul alır?
-Diasporadan. Ermənilərin lobbisindən.
-İlk yerlərdə hansı ölkələrdəki lobbiləriniz və diasporanız dayanır?
-İlk üçlükdə Rusiya, Fransa və ABŞ-dır.
-Həmsədr ölkələr...
Həmsöhbətim bundan sonra sadəcə gülümsədi. Mən isə bildiyim reallığın mütləq həqiqət olduğunu özüm üçün bir daha təsdiq etdim. Nə qədər paradoksal da olsa, bu üç güc mərkəzi Azərbaycanın ərazilərinin işğal faktına qarşı eyni mövqedə dayanır. Rusiya Ermənistana hərbi, ABŞ diplomatik, Avropa isə mənəvi dəstək olub və olmaqda davam edir.
Analoji situasiyanın yaşandığı Ukraynada isə vəziyyət başqadır. Avropa və ABŞ Rusiyaya soyuq müharibə elan edib. Kim məni qınayır, qınasın. Amma həqiqət bildiyim bir faktı yadınıza salacam.
Ukraynanın “Dnepr” klubunun Avropaya çıxarılması üçün “Qarabağ” qurban verildi. Bunu Avropa etdi. Qoca Avropa. Bu, mənəvi dəstəyin ən bariz nümunəsi idi. Həm Ukraynaya, həm də dolayısı ilə Ermənistana. Son oyununda da açıq oyundankənar vəziyyətdə vurulan qolunun hesaba alınması dolayısı ilə deyilənin təsdiqi oldu. Kimsə buna inanmaya bilər. Amma Qarabağ üçün, “Qarabağ” həqiqətlərini hayqırmaq mütləq lazımdır.
Nə yaxşı ki, Azərbaycanın hələ də belə oğulları var. Özü də təkcə Azərbaycanda yox. “Qarabağ”ın “İmarət” fanklubu haqda indi hamı bilir. Bu fanklub Türkiyədə, Avropada olduğu kimi Ukraynada da fəaliyyət göstərir “İmarət-Ukrayna” adı ilə.
“İmarət-Ukrayna”nın fəallarından biri Taleh Valehzadə öz Facebook səhifəsində çox maraqlı bir status paylaşıb: ““İmarət Ukrayna” olaraq Kiyevdə “Dnepr”in oyununda yığışacağıq. Və çalışacağıq ki, "İndi “Dnepr” yox, “Qarabağ” oynamalıydı" kimi UEFA-ya bir mesaj yollayaq”.
Dünyaya həqiqəti bax, belə yayırlar. Çox sağ ol, “İmarət”. “Qarabağ” və Qarabağ həqiqətini yaydığın üçün.
Son xəbərlər
Son Xəbərlər