Ali Məhkəmənin Plenumu da Avropa Məhkəməsinin qərarının icrası ilə bağlı qərar verib. Həmin qərarın bir hissəsinə görə Ə.İnsanovun işinə Bakı Apelyasiya Məhkəməsində baxılmalı, digər hissəsinə görə isə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Dünənki prosesdə də jurnalistlər ciddi şəkildə yoxlanırdı. Yoxlama mülki formada olan və hansı xidmətə mənsub olmaları bilinməyən şəxslər tərəfindən həyata keçirilir. Fotoaparat, diktafon və telefonlar media mənsublarından alınır.
Məhkəmə binasında çoxlu mülki şəxslər olub. Onlar jurnalistlərin kimlikləri ilə bağlı suallarına “məxfidir” “demirik” deyə cavab verirlər. Məhkəmə zalında da həmin mülki şəxslər olub. Əli İnsanov zala çoxlu mülki geyimli şəxslərin nəzarəti altında gətirildi. O, həmin şəxslərin etirazlarına baxmayaraq prosesdə iştirak etmək üçün məhkəmə zalına gələn Cəmil Həsənli ilə görüşdü. Və zaldakılara müraciətlə “bu hakimiyyətin ömrünə çox az qalıb” dedi. Bundan sonra mülki geyimlilər onu şüşə qəfəsə salıb qapını arxadan bağladılar. Sabiq nazir oradan nəsə demək istəsə də onun səsi eşidilmir. Vəkili də onunla söhbət etmək istəsə də, bu da bir-birilərini eşitmədikləri səbəbindən alınmır. Ə.İnsanovun salındığı şüşə qəfəsdə mikrofon quraşdırılıb və yalnız hakim mikrofonun düyməsini basanda onun səsi eşidilə bilər.
Proses başlayandan sonra Ə.İnsanovun vəkili Toğrul Babayev hakimə müraciət edərək mətbuat nümayəndələrinə fotoçəkiliş aparmaları üçün şərait yaradılmasını istədi. Hakim çəkilişə icazə vermədi.
Bundan sonra sabiq nazirin digər vəkili Ağaveyis Şahverdi vəsatət vermək istədi. Hakim isə vəkilə vəsatət verməsinə şərait yaratmadı.
Hakim:
Əyləşin
Ağaveyis Şahverdi:
İmkan verin vəsatəti verim
Əyləşin, olmaz.
Vəsatət vermək mənim hüququmdur. İmkan verin vəsatəti verim.
Əyləşin.
Qanun deyir ki...
Əyləşin!!!
Cinayət məsuliyyətinə cəlb edilmə müddəti ilə bağlı vəsatətlər məhkəmə baxışına qədər...
Sizə dedim ki, əyləşin. Prosedurları sədrlik edən müəyyən edir. Əyləş!!!
Mən vəsatət verirəm.
Cinayət məsuliyyətinə cəlb edilmə müddəti ilə bağlı vəsatətlər məhkəmə baxışına qədər baxılmalıdır. Sonra bu mümkün olmayacaq.
Əyləşin!!!
Sonra gec olacaq.
İmkan verin sözümü deyim. Burada nə var axı? İmkan verin.
Əyləşin. Prosesi pozmayın.
Əyləşmirəm. Qaydanı siz pozursuz.
Əyləşin.
Siz qanunsuzluq edirsiz.
Hakimlər fasilə elan edərək məhkəmə zalını tələsik tərk edirlər. Fasilə zamanı Cəmil Həsənli yeni çapdan çıxmış kitabını Ə.İnsanova göstərərək ona hədiyyə etdiyini deyib vəkilinə təqdim edir. Ə.İnsanov əl işarəsi ilə ona təşəkkür edir. Vəkil kitabı Ə.İnsanova verə bilmir. Çünki fasilə elan edilən kimi 6-7 mülki geyimli şüşə qəfəsin qarşısına düzülərək kimsənin yaxınlaşmasına imkan vermirlər.
Fasilədən sonra A.Şahverdi baş verənlərin protokola qeyd edilməsini tələb etdi və yazılı vəsatətini məhkəməyə təqdim etdi.
Hakim isə məhkəmə iştirakçılarının nəzərinə prosesin qismən məhkəmə araşdırması aparılmaqla keçirilməsini haqda qərar verdiklərini söyləməklə vəkilin tələbinə heç bir reaksiya vermədi. Bundan sonra şahidlərin dindirilməsi mərhələsi başladı. Zala 2005-ci ildə Ə.İnsanovun həbsindən sonra Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsi rəisinin qərarına əsasən İqtisadi İnkişaf və Səhiyyə Nazirliklərində yoxlama aparmış mütəxəssislər dəvət edilərək dindirildilər. İlk dindirilən şahid İlham Pənahov oldu. Şahid Əmlak Məsələləri Dövlət Komitəsində Dövlət Əmlak Paylarının İdarə Olunması sektorunun müdiridir.
Vəkil Toğrul Babayev məhkəmədən şahidin müdafiə və ya ittiham tərəfinin şahidi olması məsələsinə aydınlıq gətirməsini istədi. Hakim bildirdi ki, məhkəmə öz təşəbbüsü ilə şahidləri çağırıb.
T.Babayev:
- Qanunun tələbidir ki, şahid ya müdafiə, ya da ittiham tərəfinin dəvəti ilə məhkəməyə çağırıla bilər. Məhkəmə tərəf ola bilməz.
Hakim:
Əyləşin, biz qərar qəbul etmişik.
Şahid dedi ki, 2005-ci ildə Dövlət Əmlak Komitəsində yoxlama aparan Maliyyə Nazirliyinin mütəxəssislərindən ibarət təftişçi qrupa cəlb olunub. İlkin sənədlər əsasında yoxlama aparıblar. Özəlləşdirilən obyektlərin qiymətləndirilməsi zamanı qiymətlərin aşağı salınıb-salınmamasını yoxlayıblar və akt tərtib ediblər.
Ağaveyis Şahverdi:
Şahidə sual vermək...
Hakim:
Əyləşin. Dövlət ittihamçısı sual versin sonra siz sual verərsiz.
Biz Avropa Məhkəməsinə şikayətimizdə göstərmişik ki, Əli İnsanovun iş üzrə məhkəmə keçirilərkən bu şahidlər dindirilməyiblər. Bununla da Ə.İnsanovun Konvensiyanın 6-cı maddəsinin 3-cü hissəsində göstərilən hüquqları pozulub. Bu şahid müdafiə tərəfinin şahididir.
Biz əvvəlki məhkəmə iclasında şahidlərin dəvət olunması ilə bağlı qərar vermişik. Əyləşin.
Bundan sonra dövlət ittihamçısı şahidə yoxlamanın nəticəsində tərtib olunan aktı imzalayıb-imzalamamasını soruşdu. Şahid aktı imzaladığını təsdiqlədi.
Şahid A.Şahverdinin suallarını da cavablandırdı. Dedi ki, dövlət əmlakının özəlləşdirilməsi zamanı alqı-satqı müqaviləsi imzalanır. Tərəflərdən satıcı qismində ƏMDK o dövrdəki departamenti, alıcı isə istənilən şəxsin ola biləcəyini dedi.
A.Şahverdi:
- Qiymət azalması olub?
- Olub.
- Qiymət azalması kimin günahıdır?
- Müəssisənin direktoru və baş mühasibi. Bu Dövlət Əmlakının Özəlləşdirilməsi Proqramının 2-ci hissəsində qeyd edilib.
- Alıcı qiymətin aşağı salınması ilə bağlı məsuliyyət daşıyırmı?
- Qiymətləndirmə metodundan asılı olaraq...
- Xahiş edirəm konkret deyin.
- Baş mühasib və müəssisənin direktoru.
- Əli İnsanov nə məsuliyyət daşıyır?
- Bunu mən deyə bilmərəm.
- Aktdan xəbəriniz var?
- Əlbəttə.
- Axı orada qiymətin azaldılması haqda hər hansı bir cümlə yoxdur!?
Hakim:
Sual çıxarılır.
Toğrul Babayev:
Əli İnsanova çarpaz sual vermək istəyirəm.
Hakim:
Əyləşin. Məhkumun münasibəti var?
Vəkili əli ilə Əli İnsanova vəsatətə münasibətini açıqlamasını işarə edir. Ə.İnsanov əlini şüşə qəfəsdə quraşdırılan mikrafona vuraraq “eşidirsiniz” deyə vəkilinə müraciət edir. Vəkil başı ilə işarə verərək onu eşitdiklərini deyəndən sonra Ə.İnsanov sözünə başladı:
İcazə verin böyük azərbaycanlı Rüstəm İbrahimbəyovu doğum günü münasibəti ilə ...
Hakim mikrafonu söndürür və Ə.İnsanova mahiyyətdən kənar çıxmamasını tapşırır, deyir ki, əks halda sözünü kəsəcəklər. Ə.İnsanov şahidə tərtib etdikləri aktı diqqətlə oxuduğunu və bəzi yoxlayıcıların həmin aktı imzalamadığını söylədi:
Onlar hesab etmişdilər ki, bu aktda qeyri-dəqiqliklər var. Bu aktda mən Əli İnsanov haqda bir cümlə belə yoxdur. Siz bu akt haqda nə deyə bilərsiz?
Yəni orada Səhiyyə Nazirliyinin obyektlərində təftiş aparılıb və akt tərtib olunub.
Qiymətlərin azalmasına təsir edə bilərdim?
Konkret Səhiyyə Nazirliyi ilə bağlı deyə bilmərəm.
Özəlləşmə ilə bağlı prezidentin sərəncamına uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi tarifikasiyası ancaq Nazirlər Kabineti tərəfindən təsdiqlənirt və ötürülür Əmlak Komitəsinə. Səhiyyə Nazirliyi nə qiymətləndirə bilər, nə də işçiləri qiymət qoya bilməz. Yəni bütün prosedur Əmlak Komitəsində olur. Məlumat üçün deyim ki, heç bir qanunda nazirliklərdən razılıq ərizəsi almaq qaydası yoxdur. Bunu vaxtilə hüquq şöbəsinin müdiri də məhkəmədə təsdiqləyib.
Hakim:
Sual verin.
Ə.İnsanov:
- Verirəm. Mənim dövrümdə Səhiyyə Nazirliyinin 60-a yaxın obyekti özəlləşdirilib. Onların hər birini bircə-bircə saya bilərəm. Bunun 31-i haqda məlumat var. Sizcə 28 obyekt haqda niyə heç bir yerdə məlumat yoxdur?
Şahid:
Mən sayla bağlı nəsə deyə bilmərəm. Biz yoxlama qruppasına təqdim olunan sənədlər əsasında yoxlama aparmışıq.
Ə.İnsanov:
- Həmin obyektlər haqda mən də, məni yalançı ittihamlarla həbs edənlər də bilir. Xeyir ola sizin məlumatınız yoxdur?
Hakim:
Sual verin.
Ə.İnsanov:
- Həmin 31 obyekt uçuq-sökük, yarasız halda olan, ən böyüyüy 100 kvadrat metr olan obyektlər idi. Həmin 1 otaqdan ibarət obyektləri kasıb-kusublar, böyük maliyyə imkanları olamayan şəxslər özəlləşdiriblər. Yerdə qalan 28 obyekti isə - şəhərin mərkəzində 5 hektar sahə, 2 hektar torpaq, şəhərin ortasında 5 mərtəbəli dəbdəbəli binanı isə prezidentin ailə üzvləri özəlləşdirib.
Hakim mikrafonu söndürərək Ə.İnsanova mahiyyətdən kənar çıxmamasını tapşırır. Xəbərdaqlıq elan edir.
Ə.İnsanov isə şahidə sual vermək istədiyini bildirir.
- Siz gizlətsəz də mən bilirə
Deyin, mən həbs olunana qədər Azərbaycanda nə qədər obyekt özəlləşdirilmişdi?
Hakim:
Sual çıxarılır. Növbəti sualı verin.
50 min obyekt özəlləşdirilib. Büdcəyə cəmi 500 milyon köçürülüb. Yerdə qalan 30 milyard hara getdi?
Hakim mikrafonu söndürüb Ə.İnsanovdan əyləşməsini xahiş edir.
A.Şahverdi hakimdən Ə.İnsanovla məsləhətləşdməyə şərait yaratmasını istədi. Dedi ki, məsləhətləşmə müdafiənin əsasını təşkil edir. Hakim isə dedi ki, müvəkkili ilə Bakı İstintaq Təcridxanasında görüşə bilər. Ə.İnsanov isə məhkəmə öncəsi görüşə icazə verilmədiyini əli ilə izah etdi.
Növbəti şahid Adıgözəl Musayev oldu. Bu şahid də digəri kimi yoxlama qrupunda olub və nəticədə tərtib edilən aktı imzalayıb. Bu zaman Əli İnsanov şüşə qəfəsdən jurnalistlərə yüksək səslə “məni öldürmək istəyirlər” söylədi. Hakim isə ondan şüşə qəfəsdə əyləşməsini tələb etdi. Vəkillərin şahidə suallarından aydın oldu ki, özəlləşdirməyə təqdim edilən dövlət əmlaklarının qiymətləndirilməsi o dövrdə Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti yanında fəaliyyət göstərən firma tərəfindən həyata keçirilib. Ə.İnsanovun həmin firmaya heç bir şəkildə aidiyyatı olmaylıb.Şahid Səhiyyə Nazirliyinin qiymətlərin endirilməsinə heç bir formada təsir edə bilmədiyini də dedi.
Ə.İnsanov da şahidə suallar verdi:
- Kimsiz?
-Sərbəst auditor.
- Özəlləşdirilən obyektləri nəzərdən keçirmisiz?
- Bəli hamısına baxmışam.
- Orada səhiyyədən İnsanov familiyalı adam nəsə özəlləşdirib? Deyin ki, filan yeri İnsanov və ya İnsanova özəlləşdirmişdi.
- Yox idi.
- Səhiyyədən özəlləşdirilən obyektlərin içində zəlzələdən sökülən obyektlər vardı. Adını çəkmək istəməsəm də, deməliyəm ki, hörmətli baş nazirin müavini Abid Şərifovun göstərişi ilə həmin obyektlər yoxlandı və zəlzələdən zərər çəkdikləri üzə çıxdı. Yazılmışdı ki, filan-filan obyektlər zəlzələdən ziyan çəkib. O gün dövlət ittihamçısı ittiham aktını oxuyanda dedi ki, Əli İnsanov həmin obyektləri qəsdən dağıdıb ki, özəlləşdirməyə çıxarsın. Siz bu haqda nə deyə bilərsiz?
- 3 akt olub. Həmin aktlardan yalnız birinin tərtib olunmasında iştirak etmişəm. Orada da belə hal yadıma gəlmir.
- “Baksovet”in yanındakı 2 saylı poliklinikanı zəlzələ dağıtmışdı. Baş həkimi də məhkəməyə gəldi və bunu dedi
Hakim:
Sual verin.
Ə.İnsanov:
- Yadınıza düşmürmü oranı zəlzələ dağıtmışdı?
Şahid:
Yadıma gəlmir.
Bir ritorik sual da verim. Necə bilirsiz, mən bu zəlzələ prosesində iştirak edə bilərdim?
Hakim:
Əyləşin, əyləşin!!!
Zaldan replika eşidilir:
Siyasi zəlzələ yaradırsan.
Hakim:
Zalda danışmayın!!! Sizə isə xəbərdarlıq edirəm, mahiyyətdən kənar çıxmayın.
Bundan sonra şahid Namaz Ağamirzəyev tribunaya dəvət olundu. Məlum olundu ki, şahid hökmü Avropa Məhkəməsi tərəfindən ləğv olunan məhkəmə iclaslarıda da şahid qismində dindirilib. Ə.İnsanov şahidi Səhiyyə Nazirliyinin Beynəlxalq Şöbəsinin keçirdiyi semirara beynəlxalq təşkilatın maliyyə ayırması haqda sənədi gizlətməkdə ittiham edərək bildirdi ki, bu sənədin gizlədilməsi son nəticədə nazirliyin beynəlxalq şöbəsinin müdiri Aleksandr Umnyaşkinin məhkum edilməsinə yol açıb. Şahid belə bir halı xatırlamadığı söylədi. Ə.İnsanov şahidə belə bir sual verdi:
Səhiyyə Nazirliyinin hansısa işçisi gedib rüşvət alıb. Bilirsinizmi ki, buna görə məni həbs ediblər?
Hakim sual çıxaırlır.
Ə.İnsanov:
- Bu məntiqlə yanaşsaq, sizcə məni nazir təyin edən İlham Əliyevi niyə həbs etmirlər?
Hakim mikrafonu söndürdü.
Növbəti şahid Nizami Məcidov tribunaya dəvət olundu. O da özəlləşdirmədə qiymətlərin aşağı salınmasında rolunun olması haqda ittiham aktında yazılanları təsdiq edən ifadə vermədi.
Ə.İnsanov:
- Nizami müəllim, siz burada “Semaşko” xəstəxanası haqda dediz. Oradan 2-cə hektar yer prezidentin xalası oğlu...
Hakim mikrafonu söndürüb Ə.İnsanova mahiyyətdən kənar çıxdığını dedi.
A.Şahverdi məhkıəmədən söz istədi: “Biz Avropa Məhkəməsinə göndərdiyimiz şikayətdə yazmışdıq ki, obyektlərin yoxlaması zamanı iştirak edən, lakin aktlara imza atmayan, qeydlə imzalayan şəxsləri məhkəmə şahid qismində tanımaqdan imtina edib. Avropa Məhkəməsi də bunu pozuntu kimi tanıyıb. Biz həmin şəxslərin dindirilməsini istəyirik”.
Hakim:
-Mərhələ, mərhələ şahidləri dindiririk.
-Biz etiraz edirik.
Hakim zala şahid Famil Kərimovun dəvət olunmasını tapşırdı. Bu şahid də yoxlayıcı qrupunda olub. O, dövlət ittihamçısının sualına cavab olaraq dedi ki, büdcədən kənar xidmətlə bağlı yoxlama aparıblar və akt tərtib ediblər.
Ə.İnsanov şahidə sual verməzdən əvvəl vəkillərinə müraciət edərək hakimin ona “məhkum olunmuş şəxs” xitabınının nə dərəcə düzgün olunduğunu soruşdu:
- Mənim barəmdəki qanunsuz və sifarişli hökm ləğv olunub. Siz məni niyə təhqir edirsiz? Belə şeylərə yol verməyin hörmətli hakim. Şahid sizin adınızı eşitmədim.
Şahid:
Famil.
Akademik Heydər Musayev kimi mənim də çıəxan kitabıma görə başıma müsibət açıblar. İttihamın bir epizodu da Moskvada dərc olunan kitabdır. Məni Rusiya Elmlər Akademiyasının üzvü kimi həmin kitabın baş redaktoru təyin ediblər. Həkimlər üçün stolüstü kitab idi. Biz o kitabı çap etdik Moskvada. 23 akademik mənim baş redaktorluğumla həmin kitabı tərtib etdik. Qərara gəldik ki, həmin kitabı Azərbaycana da gətirək. Milli Məclis qərar veürmişdi ki, Səhiyyə Nazirliyi büdcəsinin 40 faizini büdcədənkənar xidmətdən toplamalıdır. Həmin 40 faizin 5 faizi də Səhiyyə Nazirliyinə ayrılırdı. Həmin 5 faizdən vəsait ayırıb kitabı Azərbaycana gətirib həkimlərə, tələbələrə pulsuz payladıq. Burada siz nə cinayət görürsüz?
Hakim:
İzahat verməyin.
Mən sual verdim.
Hakim şahidə əyləşməsini tapşırır. Növbəti şahid maliyyə Nazirliyinin vəzifəlisi Mörüş Mehdiyev oldu. Şahid Ə.İnsanovun həbsindən sonra Bakı Baş Apteklər İdarəsini yoxladıqlarını və Danimarkadan alınan insulin dərmanının 2003-2005-ci illərdə alınmasında yeyinti müəyyən etdiklərini söylədi. Bildirdi ki, bununla bağlı akt tərtib ediblər. Ə.İnsanov söz alaraq dedi:
Bakı Baş Apteklər İdarəsi Mehriban xanımın dayısı...
Hakim mikrafonu söndürdü:
Xəbərdarlıq edirəm.
Əli İnsanov şüşənin arxasından uca səslə bildirdi ki, həmin şəxsin adı Rafiq Mahmudovdur.
Prosesdə şahidlər Avtandil Əliyev və Aydın İbrahimov da dindirildi. Onlar da sabiq nazirin özəlləşdirmə zamanı qiymətlərin azaldılması və digər maxinasiyalarda iştirakı haqda hər hansı bir məlumata malik olmadıqlarını açıqladılar. Bundan sonra Ə.İnsanovun vəkili A.Şahverdi bir neçə hissədən ibarət vəsatətlə çıxış etdi. Vəkil Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun və səhiyyə naziri Oktay Şirəliyevin iş üzərə şahid qismində dindirilmələrini; işə Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə baxılarkən MTN tərəfindən aparılan çəkilişin məhkəmədə nümayiş olunmasını və surətinin müdafiə tərəfinə təqdim edilməsini; həmin məhkəmə sənədlərinin, iclas protokollarının surətlərinin də müdafiə tərəfinə verilməsini istədi.
Vəkilin digər vəsatəti işin əsasını təşkil edən müxtəlif epizodlar üzrə cinayətlərin cəlb etmə müddətlərinin ötməsi səbəbindən işə xitam verilməsi ilə bağlı oldu.
Hər iki vəsatət təmin olunmadı. Vəkil prosesin keçirilmə qaydasına və vəsatətlərinin təmin olunmamasına etiraz edərək etirazı yazılı şəkildə məhkəməyə təqdim etmək üçün 1 həftə vaxt istədi. Hakimin təmin etdiyi yeganə vəsatətə bu oldu. Proses 14 fevral saat 11:00-da davam etdiriləcək.