Əli İnsanovun məhkəməsi qapalı keçirildi

eli-insanovun-mehkemesi-qapali-kecirildi
Oxunma sayı: 643

Bu gün Qaradağ rayon məhkəməsində keçmiş səhiyyə naziri Əli İnsanovun  barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Rəşad Mustafayevin sədrliyi ilə keçirilən hazırlıq iclasına jurnalistlər buraxılmayıb.

Hazırda iclas davam edir.

Qeyd edək ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həsb edilərək 11 il müddətinə azadlıqdan məhrum edilib. Ötən il cəzasının bitməsinə 2 ay qalmış ona Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə ittiham olunur. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

***

Hazırlıq iclası bitib, məhkəmə prosesi aprelin 12-də davam etdiriləcək.

Murad Əhməd