Əli Kərimlinin müşavirinə 6 aylıq cəza istənildi

eli-kerimlinin-musavirine-6-ayliq-ceza-istenildi
Oxunma sayı: 926

Bu gün Suraxanı Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri Məmməd İbrahimin məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bugünkü iclasda prokuror çıxış edərək M.İbrahimin Cinayət Məcəlləsinin 317-1.2-ci (həbsdə saxlanan şəxsin qadağan olunmuş əşyaları hazırlaması, saxlaması, gəzdirməsi, daşıması və ya istifadəsi) maddəsi ilə ittiham olunaraq 6 ay 2 gün müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror əlavə edib ki, 2 gün onun bundan öncəki cəzasından qalan günlərin sayıdır.

Məhkəmə prosesi yanvarın 10-da davam etdiriləcək. Həmin gün M.İbrahimin son söz deyəcəyi gözlənilir.

Qeyd edək ki, M.İbrahim 2014-cü ildə AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanan cinayət işi üzrə 2015-ci il sentyabrın 30-da həbs olunub. O, xuliqanlıqda ittiham edilərək Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, onun cəzasının başa çatmasına az qalmış yatağının altından bıçaq tiyəsi tapılıb. Lakin M.İbrahim bu ittihamı qəbul etməyib.

Murad Əhməd