Əli Kərimlinin müşavirlikdən çıxartdığı xanım danışdı

eli-kerimlinin-musavirlikden-cixartdigi-xanim-danisdi
Oxunma sayı: 1926


AXCP sədri Əli Kərimli öz xanım müşaviri Zərifə Məhəddinovanı vəzifəsindən azad edib. Bu addımın səbəbləri barədə AXCP-nin hər hansı açıqlaması yoxdur. Sadəcə olaraq, partiyanın mətbuat xidməti Z.Məhəddinovanın müşavir vəzifəsindən azad edilməsi haqda bir neçə cümləlik xəbər yayıb. 

“Qafqazinfo” xəbər verir ki, Zərifə Məhəddinova bu mövzuda "Yeni Müsavat" qəzetinə danışıb:

- Məlum qərara sizin münasibətiniz necə oldu? Niyə belə qərar verildi, barənizdə..?

- Bu qərarın verilməsi barədə partiya rəhbərliyinə müraciət etməyiniz daha uyğun olar. 

- Özünüz səbəbi aydınlaşdırmadınız? 

- Yox, mənim üçün gözlənilməz deyildi.

- Niyə..? Siz vəzifədən çıxarılacağınızı nə vaxtdan gözləyirdiniz?

- Xeyli müddət idi, ona görə gözlənilməz bir şey olmayıb, mənim üçün... Amma kefimi soruşursunuzsa, əlayam, yaxşıyam. 

- Ancaq bildirilir ki, siz bir qədər əvvəl partiyadan istefa verən Asəf Quliyevin güdazına getmisiniz. Bu, doğrudanmı belədir? 

- Yalan söhbətdir. Bunu deyənlər özləri də bilirlər ki, yalandır. Bizim cəmiyyətdə bu saat yalan ayaq tutub yeriyir. Bir müddət əvvəl deyirdilər ki, Asəf mənim güdazıma gedib. İndi də məsələni fırladıb belə deyirlər. Kim belə deyirsə, yanlışdır. Mənim vicdanım təmizdir, mübarizəmə, əqidəmə xəyanət etməmişəm. Bu, mənə bəsdir. Yəni mən istefa da verə bilərdim, özü də neçə aylar bundan qabaq.

- Amma gözlədiniz ki, sizi qovsunlar...

- Bilirdim istefa versəm, yazacaqdılar ki, hə, bu da satıldı, getdi hökumətə işləməyə... 5 milyon aldı, 3 milyon aldı. Ona görə də, dözdüm və gözlədim... 

- Əli Kərimli ilə bu məsələni müzakirə etmək üçün görüşdünüzmü?

- Görüşümüz də, danışığımız da olub. Qərar qəzetdə dərc olunmadan əvvəl özü zəng edib, danışmışıq. Mən bunu normal hesab edirəm. Özüm üçün heç bir faciə saymıram bunu.

- Bəs, Əli bəy qərarını necə əsaslandırdı? Sizə nə dedi? 

- Belə əsaslandırdı ki, bu vaxta qədər də söhbətimiz, mübahisələrimiz olmuşdu. Dedi ki, Zərifə xanım, bu günə qədər fəaliyyətinizə görə təşəkkür edirəm, ancaq hesab edirəm ki, bundan sonra siz daha sərbəst çalışsanız, yaxşı olar və mən sizi müşavirliyinizə xitam vermək qərarını gəlmişəm. Mən də ona dedim ki, sizin bu qərarınıza çox böyük sayğı duyuram. Həqiqətən sayğı duyuram. Belə götürəndə nə vəzifədir ki - kağız üzərində olan bir işdir. Mən vəzifədən ötrü ölmürəm.

- Hələ AXCP-də qalırsınız, amma...

- Bəli, sıravi partiya üzvü kimi qalmışam. 

- Sıravi üzvlükdən istefa vermək fikriniz varmı?

- Yox, niyə istefa verim ki? İstefa versəm, digər istefa verənlərə deyilən sözləri eşidəcəyəm, satıldı deyəcəklər. Belədə isə deyəcəklər ki, Əli bəyin müşaviri idi və vəzifəsindən azad edilib. Bizdə istefa mədəniyyəti olmuş olsaydı, yəqin ki, mən vaxtında onu verərdim. Yaşayarıq, görərik də. 

- Yəni bu qərara sizin tərəfinizdən inciklik yoxdur, eləmi..? 

- Hə, mənim incikliyim yoxdur. 

- Günah sizdə idi bəlkə..?

- Məndə? Nə günahım ola bilərdi ki? Heç bir günahım olmayıb. Düşüncələrim olub, fikirlərim olub, öz yanaşma tərzim olub. Partiya sədrinin səlahiyyətinə aiddir ki, istədiyi şəxsi çıxarsın, lazım hesab etmədiyi adamla işləməsin. 

- Partiya daxilində sizi dəstəkləyənlər oldumu?

 - Mənim üçün bu, maraqlı deyil. Mənim üçün əsas maraqlı olan məsələyə özümün yanaşmamdır. Mənim məsələlərə öz yanaşmam var, həmişə olub. Müşavir olanda da, indi də var. 

- İstefa verib, fəaliyyətinizi digər partiyada davam etdirmək barədə fikirləşirsinizmi? 

- Yox, yox, əsla... Sıravi üzv kimi qalmışam və heç bir partiya axtarışında da deyiləm. Gedərəmsə də gedərəm, amma yeni bir partiya axtarışında deyiləm.