““Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik qəbul olunduqdan sonra peşə təhsili alan əlil tələbələrin maliyyəsi dövlət tərəfindən ödəniləcək”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Musa Quliyev parlamentin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, bu, ölkə başçısının əlil vətəndaşlara olan diqqətinin göstəricisidir: “Lakin əsas məsələ onların dövlət hesabına peşə təhsili aldıqdan sonra işlə təmin olunmasıdır. Əgər tələbə diplomunu alıb işlə təmin olunmayacaqsa, o zaman problemlər yaranacaq”.
M. Quliyev qeyd edib ki, əlillərə uyğun iş yerləri yaradılmalıdır: “Bundan başqa, onlara düzgün əmək zəmanəti verilməlidir. Əlillərin fərdi reabilitasiya proqramları olmalı, onların hansı işdə işləməsi müəyyən edilməlidir. Elə əlillər var ki, əlil arabasındadırlar, elələri də var ki, sadəcə gözləri görmür. Bu baxımdan onlara uyğun iş yerləri olmalıdır. Müvafiq qurumlara müraciətim odur ki, əlillərə zəmanət verərkən onların hansı işdə işləyəcəyinə diqqət etsinlər. Çünki əlilin qapı-qapı gəzib iş axtarmaq imkanı yoxdur. Onlar işə cəlb edilməlidir”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər