Əlillər Günü Nəsimi rayonunda qeyd edilib - Foto

eliller-gunu-nesimi-rayonunda-qeyd-edilib
Oxunma sayı: 675

3 dekabr- Əlillər günü münasibətilə Nəsimi rayon İcra Hakimiyyətində rayonun 20 yanvar, Çernobıl, Böyük Vətən Müharibəsi və Qarabağ müharibəsi veteranları cəmiyyətlərinin, əlillər və gözdən əlillər cəmiyyətlərinin üzvlərinin iştirakı ilə tədbir keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbir iştirakçılarını salamlayan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov əlil vətəndaşlara göstərilən diqqət və qayğıdan, bu istiqamətdə Nəsimi rayonunda həyata keçirilən işlərdən danışıb: 

“Əlilliyə görə əmək pensiyası və ya aylıq sosial müavinətlə yanaşı müharibə əlilləri və onlara bərabər tutulanlar, həmçinin yalnız aylıq müavinət alan ümumi səbəblərdən I qrup əlilliyi olanlar Prezidentin aylıq təqaüdü ilə təmin olunurlar. Hər il müharibə əlili və onlara bərabər tutulan şəxslərə isə dövlət büdcəsi hesabına minik avtomobili verilib,müharibə əlillərinin, I və II qrup Çernobıl AES əlillərinin uşaqlarına da aylıq sosial müavinət, radiasiya qəzası nəticəsində zərər çəkərək əlil olmuş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət ödənilir.

Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsinin və görmə məhdudiyyətli insanlar üçün Regional İnformasiya Mərkəzlərinin yaradılması, sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində ən müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraitinin qurulması, 2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi, əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqlar üçün mütəmadi olaraq xeyirxah aksiyaların təşkil olunması və s. bunun əyani təsdiqidir”.

Tədbirdə Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev çıxış edib.