Əlillərin bərpa mərkəzlərinin fəaliyyəti təkmilləşdirilir

elillerin-berpa-merkezlerinin-fealiyyeti-tekmillesdirilir
Oxunma sayı: 678

Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Beynəlxalq Əmək Təşkilatının maliyyə dəstəyi və texniki yardımı ilə əlillərin bərpa mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə cari ilin may ayından başlanan yeni layihənin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, nazir müavini İlqar Rəhimov son zamanlar nazirliyin əlilliyi olan şəxslərin hüquqlarının təminatı sahəsində ixtisaslaşmış QHT-lərlə birgə icra etdiyi layihələr barədə söz açaraq, “Sosial Xidmətlər Təşəbbüsü” İctimai Birliyi tərəfindən icra olunan yeni layihənin bərpa mərkəzlərində göstərilən xidmətin əlilliyi olan şəxslərin sosial inteqrasiya ehtiyaclarına uyğunlaşdırılması, səmərəli və çoxşaxəli reabilitasiya üsullarının tətbiqi baxımından önəm kəsb etdiyini deyib, bu sahədə nazirliyin baxışları və prioritetləri barədə məlumat verib.
Bildirilib ki, icra olunacaq layihə qeyd olunan mərkəzlərin mövcud fəaliyyətinin genişləndirilməsinə, göstərilən xidmətlərin çeşidinin artırılması və keyfiyyətinin yaxşılaşdırılmasına şərait yaradacaqdır. Layihənin əsas məqsədi əlilliyi olan şəxslərin bərpa mərkəzlərində tibbi xidmətlərlə yanaşı, sosial, ailəyə dəstək, reabilitasiya, abilitasiya, peşə təlimi kimi xidmətlərlə də təmin edilməsidir. Bu isə BMT-in Əlilliyi olan Şəxslərin Hüquqlarına dair Konvensiyasının və ölkə Konstitusiyasının tələblərinin icrası üçün mühüm əhəmiyyət kəsb edir. Görüşdə layihənin uğurlu icrası ilə bağlı qarşıda duran məsələlər müzakirə olunub.

Qeyd edək ki, “Sosial Xidmətlər Təşəbbüsü” İB-nin partnyoru olan və mərkəzi Brüsseldə yerləşən Avropa Reabilitasiya Platforması əlillərin bərpa mərkəzlərinin işinin qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına dair strategiyanın hazırlanmasında iştirak edəcəklər. Nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsi ilə birgə icra olunan layihə çərçivəsində həmin təşkilatın nümayəndələri Donal McAnaney və Klod Delfoz iyunun 11-dən 15-dək pilot mərkəz kimi seçilmiş Protez-Ortopedik Bərpa Mərkəzində və Sumqayıt Əlillərin Bərpa Mərkəzində ilkin qiymətləndirməni həyata keçirəcək və əldə olunmuş nəticələr digər 12 bərpa mərkəzi üçün uyğun hesab ediləcək. Qiymətləndirmənin nəticələri Nazirliyə təqdim edildikdən sonra təklif olunmuş istiqamətlərdə işlərin görülməsinə başlanacaq.

Nigar Məmmədli