“Əlillik əngəl deyil” videokonfransı marağa səbəb oldu

elillik-engel-deyil-videokonfransi-maraga-sebeb-oldu
Oxunma sayı: 1517

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi “Əlillik əngəl deyil” videokonfransı marağa səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, Uşaq İnkişaf Mərkəzinin təşəbbüsü və DİDK-nın təşkilatçılığı ilə baş tutan konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi, Azərbaycan və Türkiyədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının təmsilçiləri də iştirak edib.

DİDK-nın şöbə müdiri Vəsilə Vahidqızının moderatorluğu ilə aparılan tədbirdə Diaspor TV-də haqqında sənədli film hazırlanan və İstanbulda yaşayan diaspor fəalı, hər iki ayağını 3 yaşında itirən Vəfa Aktuz sağlamlıq imkanları məhdud uşaqları olan ailələrə, onların üzv olduqları təşkilatların nümayəndələrinə öz tövsiyələrini verib.

Müzakirələr zamanı əlillərin cəmiyyətə adaptasiyası, əlilliyin cəmiyyət üçün əngəl olmaması barədə fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, əlilliyi olan uşaqların rifahı naminə aparılan dövlət siyasəti günü- gündən güclənir və uşaqların rifahının yüksəldilməsi Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqət mərkəzindədir.

Qeyd edək ki, Vəfa Aktuzun həyat mücadiləsi, bütün çətinliklərə təkbaşına qalib gəlməsi “Vətən uzaqda deyil” proqramında işıqlandırılıb və tamaşaçıların böyük marağına səbəb olub.