Əliyev yanğınla bağlı tədbirləri nəzarətə götürdü

Əliyev yanğınla bağlı tədbirləri nəzarətə götürdü
Oxunma sayı: 431

Xəbər verdiyimiz kimi, iyunun 7-də paytaxtın Yasamal rayonu ərazisində Şərifzadə küçəsi 1, ünvanında yerləşən Azərbaycan Texniki Universitetinin 3 nömrəli yataqxanasında yanğın baş verib. Baş vermiş hadisə nəticəsində 16 məcburi köçkün ailəsinin məskunlaşdığı mənzillər yanıb.

“Qafqazinfo” xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yaydığı məlumata əsasən, Baş nazirin müavini Əli Həsənov hadisə barədə Prezident İlham Əliyevə məlumat verib və görülən bütün tədbirlər dövlət başçısının nəzarəti altındadır.

İyunun 8-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sədrliyi ilə Yasamal Rayon İcra Hakimiyyətində müşavirə keçirilib. Müşavirədə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Dövlətqaçqınkomun məsul əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri və yanğından zərər çəkmiş məcburi köçkünlər iştirak ediblər.

Müşavirədə məcburi köçkünlərlə aparılan müzakirələrdən sonra qərara alınıb ki, yanan mənzillər qısa müddət ərzində təmir ediləcək. Sakinlərə isə müvəqqəti olaraq kirayə mənzillərdə yaşamaları üçün maddi yardım veriləcək.

Bununla yanaşı məcburi köçkünlərə dəymiş ziyanın araşdırılması üçün Komitə sədrinin Sərəncamı ilə müvafiq qurumların nümayəndələrinin və məcburi köçkünlərin iştirakı ilə komissiya yaradılıb.

Baş nazirin müavini Əli Həsənov yanğın baş vermiş mənzillərin çıx qısa müddətdə təmir edilməsi üçün müvafiq idarələrin rəhbərlərinə tapşırıqlar verib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi