Elmar Baxşıyev ehtiyat oyunçu olmağından gileyləndi

elmar-baxsiyev-ehtiyat-oyuncu-olmagindan-gileylendi
Oxunma sayı: 923

Qol.Az-ın məlumatına görə, “ağ-qaralar”la müqaviləsi iyulda başa çatacaq yarımmüdafiəçinin karyerasını hansı klubda davam etdirəcəyinə də məhz bundan sonra aydınlıq gələcək.

Təcrübəli futbolçu Qol.Az-ın müxbiri ilə söhbətində klub rəhbərliyilə görüşdükdən sonra bu barədə qərar verəcəyini bildirib: “Müqavilə müddətim iki aydan sonra başa çatacaq. Yalnız bundan sonra komandada qalıb-qalmayacağım dəqiqləşəcək”.

Mövsümün özü üçün düşərli olmadığını söyləyən Elmar cəmi bir neçə oyunda meydana çıxıb: “Geridə qalan mövsümdə mənim üçün yeganə müsbət cəhət “Neftçi”nin çempionluq qazanması oldu. Bundan başqa heç nə. Cəmi üç oyunda forma geyinə bildim. Qalan görüşləri ehtiyat oyunçular skamyasından izlədim”.

Son vaxtlar adı “Qarabağ”la birgə hallanan müdafiəçi heç bir klubdan rəsmi təklif almadığını söylədi: “Qarabağ”ın mənimlə maraqlandığını eşitmişəm. Ancaq hələlik rəsmi bir şey yoxdur. Ümumiyyətlə, heç bir klubdan təklif almamışam. Əgər belə bir şey olsa, dəyərləndirəcəyəm. Çünki hər bir futbolçu kimi, mən də ehtiyatda oturmaq istəmirəm. Əgər Sadıq Sadıqov razılıq versə, gələn təklifləri götür-qoy edəcəyəm. Çünki icazəsi olmadan heç bir futbolçu klubu tərk edə bilməz”.