“Elmar Hüseynovun qətli bir çox təşkilatlara qrant kimi görünür”

elmar-huseynovun-qetli-bir-cox-teskilatlara-qrant-kimi-gorunur
Oxunma sayı: 982

"Bu gün mediamız iqtisadi baxımdan heç bir qurumdan asılı olmamalıdır".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov beynəlxlaq media azadlığı günü ilə bağlı keçirilmiş dəyirmi masada deyib. Sədr bildirib ki, Azərbaycan mediası kifayət qədər inkişaf etmiş mediadır:

"Ölkəmizdə istənilən şəxs öz fikir və düşüncələrini azad şəkildə yaya bilər. Bu gün ölkədə 3 milyon insan sosial şəbəkələrdən istifadə edir. Dünya və tələblər dəyişir. Jurnalistikamızın da öz problemləri var. O problemlər əsasən iqtisadi baxımdan qaynaqlanır. İstəyirik ki, mediamız heç bir qurumdan və ya mərkəzdən, iş adamından asılı olmayan güclü media olsun. İqtisadi baxımdan özünü reklam gəlirləri vasitəsilə tam təmin edə bilsin. Bu gün ölkədə elə bir hadisə baş verə bilməz ki, media, sosial şəbəkələr vasitəsilə ictimaiyyətə çatdırılmasın. Bu yaxınlarda monitorinq keçirdik. Mətbuatın yayımı, qəzetlərlə bağlı bir çox problemlə qarşılaşdıq".

Ə. Amaşov mərhum jurnalist Elmar Hüseynovdan da danışıb: "Həmkarımız Elmar Hüseynovun məzarını da ziyarət etdik. Ümid edirik ki, yaxın zamanda həmkarımızın qatilləri tapılaraq öz layiqli cəzasını alacaq".

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü Azər Həsrət çıxışına qətlə yetirilmiş jurnalistlərlə başlayıb: "Biz bugünkü gündə Salatın Əsgərovanı yad etməliyik, Osman Mirzəyevi yada salmalıyıq. Osman Mirzəyev ermənilər tərəfindən qətlə yetirilib, ancaq təəssüf ki, qızı bu gün xaricdə oturub düşmənin qarayaxma kampaniyasına dəstək olur. Elmar Hüseynovun qətlindən danışıldı. Yenə çox əfsuslar olsun ki, həmkarımızın qətli hazırda bir çox təşkilatlar üçün qrant kimi görünür. Heç olmasa onun ruhunu rahat qoysunlar. Ukraynada, Gürcüstanda dəfələrlə hakimiyyət dəyişdi, bəs niyə hələ də qətlə yetirilmiş jurnalistlərin qatilləri tapılmır? Mən çox istəyərəm ki, Elmar Hüseynovun qatili tezliklə tapılsın və bu məsələ kökündən həll olunsun".