Elmar Məmmədyarov Çavuşoğlu ilə görüşüb

elmar-memmedyarov-cavusoglu-ile-gorusub
Oxunma sayı: 752

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda işgüzar səfərdə olan Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşüb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, görüşdə iki ölkənin qardaş xalqlarının iradəsinə və dil, mədəniyyət, ənənələr və tarix kimi ortaq dəyərlərinə əsaslanaraq, Azərbaycan və Türkiyə arasında siyasi əlaqələrin strateji müttəfiqlik səviyyəsində inkişaf etdiyi qeyd olunub.

Nazirlər qeyd ediblər ki, Azərbaycan-Türkiyə əməkdaşlığı regionda və onun hüdudlarından kənarda sülh və inkişafın təmin olunmasına xidmət edir və sabitləşdirici rol oynayır. Həmçinin, ölkələrimiz arasında olan ikitərəfli əməkdaşlığın Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli formatında da inkişaf etdiyi diqqətə çatdırılıb.

Bildirilib ki, Ermənistan ərazisində fəaliyyət göstərən Metsamor atom elektrik stansiyası və stansiyadan qaynaqlanan nüvə və radioaktiv materialların qaçaqmalçılığı halları regionu nüvə təhlükəsi ilə üzbəüz qoyur.

Mevlüt Çavuşoğlu bəyan edib ki, Türkiyə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunlarının bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin təmin olunması əsnasında münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyir.

Nazirlər Azərbaycan və Türkiyənin təşəbbüsü və birgə səyləri ilə həyata keçirilən regional nəqliyyat infrastruktur və enerji layihələrinin region və onun hüdudlarından kənarda inkişafa və çiçəklənməyə mühüm töhfə verdiyini, bu xüsusda, Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm seqmenti olan Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin yaxın müddət ərzində istismara veriləcəyini bildiriblər.

Tərəflər parlamentlərarası diplomatiyanın əlaqələrimizdə xüsusi çəkisinə toxunaraq, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu uğurla fəaliyyətini nəzərdən keçiriblər.