Elmar Məmmədyarov rus səfirlə Lapşini müzakirə etdi

elmar-memmedyarov-rus-sefirle-lapsini-muzakire-etdi
Oxunma sayı: 1528

Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxinlə görüşüb.

Qafqazinfo”nun məlumatına görə, bu barədə XİN rəhbəri “Ria Novosti”yə açıqlamasında bildirib.

Tərəflər görüşdə Minskdən Azərbaycana ekstradisiya olunan bloqqer Aleksandr Lapşinlə bağlı məsələni müzakirə ediblər.

V. Doroxinin yaxın iki gün ərzində bloqqerlə görüşəcəyi gözlənilir.

“Biz Rusiya və İsrail səfirliyindən bu məsələ ilə bağlı nota almışıq. Rusiya konsulu sabah ya birigün Vyana Konvensiyasına uyğun olaraq Lapşinlə görüşəcək. Səfirə onunla ünisyyətdə olmaq imkanı yaradılacaq. Biz bu gün texniki detalları həll edəcəyik. Mən artıq Rusiya səfiri ilə görüşmüşəm, müvafiq sual müzakirə olunur. Burda hüç bir maneə görmürəm”, - deyə E. Məmmədyarov deyib.

XİN rəhbərinin sözlərinə görə, Lapşinin bundan sonrakı taleyi istintaqın gedişatından asılı olacaq: “O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə ittiham olunub. Son qərar məhkəmənin olacaq. Məni bu məsələnin həddindən artıq siyasiləşdirilməsi təəccübləndirir. Həmişə onu bloqqer adlandırırlar. Əgər o, mühəndis olsaydı, onunla yenə maraqlanmazdılar? Lapşin qanunları pozub və İnterpolda yerləşdirilmiş sorğuya əsasən, ona qarşı hüquqi baxımdan cinayət işi qaldırılıb”.

Qeyd edək ki, A. Lapşin fevralın 7-də Azərbaycana ekstradisiya olunub.

Xatırladaq ki, İsrail və Rusiya vətəndaşlığı olan Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu A. Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və o, beynəlxalq axtarışa verilib. O, Belarusda saxlanılmışdı.