Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas və Aİ-nin Qonşuluq və Genişləndirmə şöbəsinin rəhbəri Vasilis Maragosu qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, görüşdə İqtisadiyyat Nazirliyinin Regionların İnkişafı və Dövlət Proqramları şöbəsinin müdiri Hikmət Nəbiyev, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Azərbaycan üzrə direktoru Sonya Fonteyn də iştirak edib.
Elmar Vəliyev onlara Azərbaycanın ikinci böyük şəhəri barədə məlumat verib. Qeyd edilib ki, 4000 illik tarixə malik Gəncə mədəniyyət beşiyi hesab edilir. Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh kimi dünya şöhrətli yazıçılar burada yaşayıb, yaratmışlar. Hazırda Gəncədə 3 universitet, 3 kollec və 2 peşə təhsili mərkəzi fəaliyyət göstərir.
Kestutis Jankauskas Avropa İttifaqı ilə Azərbaycan arasında qurulan əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini qeyd edib. Gəncəyə təşkil olunan səfərin məqsədinə toxunan qonaq bildirib ki, əsas diqqət kənd təsərrüfatı, turizm və peşə təhsili sahələrinə yönəldiləcək.
Sabah Gəncədə Aİ-nın dəstəyi ilə “Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin Yaradılmasına Dəstək” layihəsinin təqdimatı baş tutacaq.
Qeyd edək ki, səfər çərçivəsində “Yerli və regional inkişaf: Gəncə-Qazax iqtisadi zonasında şərab turu” da nəzərdə tutulub.
Son xəbərlər
Son Xəbərlər