Məqlədə bildirilirdi ki, E.Vəliyev təyinatından sonra Gəncənin abadlaşdırılması kampaniyasına başlansa da, bu proses hakimiyyətin əleyhinə böyük narazılıq dalğasına çevirib, kütləvi söküntülər yerli əhalinin qəzəbinə səbəb olub. Məqalədə həmçinin qeyd olunurdu ki, seçki ərəfəsində Gəncədə yeni obyektlərin, müəssisələrin, parkların açılışı planlaşdırılsa da işlərin qrafik üzrə getməməsi səbəbindən tədbirlər baş tutmayıb. Nəticədə Prezident Qərb bölgəsində səfərdə olsa da, Gəncəyə baş çəkməyib, yeni obyektlər digər dövlət məmurlarının iştirakı ilə açılıb.
Gəncə İH ümumi şöbəsinin baş məsləhətçisi Kənan Məmmədovun qəzetin redaksiyasına göndərdiyi cavab məktubunda isə deyilir:
"Hər kəsə yaxşı məlumdur ki, bu gün Gəncə intibahının yeni mərhələsini yaşayır və sürətli inkişaf yolundadır. Yüksək sosial-iqtisadi göstəricilər, insanların həyat səviyyəsi, təhsil, səhiyyə, mədəniyyət, idman sahəsində qazanılan nailiyyətlər geniş vüsətli tərəqqinin bəhrəsidir. Ötən ilin son günlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Asan Xidmət” Mərkəzinin, 25 binadan ibarət qaçqın şəhərciyinin, Dəmir Yol Vağzalının, 25 və 16 nömrəli orta məktəblərin, Uşaq Yaradıcılıq Mərkəzinin istifadəyə verilməsi gəncəlilər üçün ən dəyərli töhfələr oldu.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin 2011-ci ilin fevral ayından şəhər rəhbərliyinə gəlişindən keçən müddət ərzində Gəncədə möhtəşəm abadlıq-quruculuq, yenidənqurma və bərpa işləri aparılıb, yeni park və prospektlər salınıb, küçələr genişləndirilib, kommunikasiya xətləri yerin altına salınmaqla yenisi ilə əvəz olunub, məktəblər təmir olunub, Şəhidlər Xiyabanında abadlıq işləri aparılıb, abidə kompleksi ucaldılıb, tarixi abidələr bərpa olunub, yüzlərlə iş yeri açılıb, mühüm obyektlər istifadəyə verilib. Bütün bunlar görülən işlərin çox qısa xronikasıdır.
Gəncədə qazanılan hər bir uğur, nailiyyət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gəncəlilərə göstərdiyi diqqət və qayğısından, möhtərəm Prezidentimizin səlahiyyətli nümayəndəsi, İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin yüksək təşkilatçılığından qaynaqlanır. Əlbəttə, hər bir yaxşı işi görüb onu qiymətləndirmək lazımdır. Gəncə sakinləri keçirilən bütün mötəbər yığıncaqlarda ölkə başçısına, şəhər rəhbərliyinə dərin minnətdarlıqlarını bildirirlər. Gəncəlilər də görülən dəyərli işləri yüksək qiymətləndirərək, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birlik nümayiş etdirir, şəhər rəhbərliyinə dayaq və dəstək olduqlarını əməli işlərində təsdiqləyirlər.
Gəncəyə gələn qonaqlar, səlahiyyətli nümayəndələr şəhərin tərəqqisi qarşısında öz heyranlıqlarını bildirirlər. Onların qürurverici ifadələri hər birimizə böyük fərəh gətirir.
Bəzi saytlarda verilən Gəncə haqqında doğru olmayan məlumatları sətirbəsətir araşdırsaq, yalan, böhtan, uydurmalar əsasında yazılmış bu yazılarda həqiqətə uyğun heç bir fakta rast gəlmək mümkün deyil.
Bu gün sizin saytınızda "Elmar Vəliyev vəzifəsindən uzaqlaşdırılır " adlı məqalə dərc olunub.
Bu məqalədə bütün yazılanlara cavab olaraq bildirmək istəyirəm ki, Gəncə şəhərində həyata keçirilən bütün abadlıq-quruculuq işləri bütün əhalinin razılığına səbəb olub. Fakt olaraq təkcə səyyar qəbulları göstərmək olar ki, şəhər rəhbərinin timsalında ölkə prezidentinə saysız təşəkkürlər edilir.
“Mənbə xatırladır ki, adı çəkilən tədbirlərin hamısı Prezident cənab İlham Əliyevin iştirakı ilə həyata keçirilməli idi, amma məlum səbəbdən mümkün olmadı. Sonradan dövlət başçısı açılış mərasimlərinə qatılmaq istəməyib.” Səlahiyyət həddini aşan müəlliflər abır-həya bilmədən, hətta Prezidentin adından belə danışmaqdan çəkinmirlər. Gəncə ictimaiyyəti adından danışmağa isə onların heç bir haqqı çatmır. Uydurma və yalan məlumatları ilə onlar gəncəlilərin yalnız və yalnız nifrət və qəzəbini qazanmış oldular.
Həmçinin məqalədə qeyd olunur ki, "Gəncə dövlət Universitetinin rektoru Yadigar Əliyevin 1 illik fəaliyyətindən sonra İcra başçısının «adamının» vəzifəsindən götürülməsi onun «vurulacağına» işarə idi". Nəzərinizə çatdırım ki, Universitetlərə təyin olunan bütün rektorlar kimi Yadigar Əliyev də Prezidentin müvafiq sərəncamı ilə vəzifəyə təyin olunub. Bunun İcra başçısı ilə heç bir bağlılığı yoxdur.
Son oluraq yazırsınız ki, "Elmar Vəliyeva hazırda məzuniyyətdədir." Elmar Vəliyev hal-hazırda məzuniyyətdə deyil iş başındadır."