Elmar Vəliyevə “Gənclərin Dostu” mükafatı təqdim edilib

elmar-veliyeve-genclerin-dostu-mukafati-teqdim-edilib
Oxunma sayı: 3073

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 2 fevral “Gənclər Günü” münasibəti ilə gənclərlə görüşüb. “Qafqazinfo” xəbər verir ki, tədbirdə şəhər rəsmiləri, ziyalılar, təhsil, səhiyyə, mədəniyyət, idman sahəsində çalışan fəal gənclər və tələbələr iştirak ediblər.

Tədbirdə çıxış edən Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov vurğulayıb ki, 2 fevral -Azərbaycan gəncləri günü 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.

Müşviq Cəfərov bildirib ki, 2015-ci il ərzində gənclərin iştirakı ilə 130 yerli və beynəlxalq tədbir həyata keçirilib. Bu tədbirlərdə 25.000-dən çox gənc iştirak edib. Gəncəli gənclər “Bakı 2015 Avropa Oyunları” zamanı və “ASAN xidmət” mərkəzlərində könüllü kimi fəaliyyət göstəriblər.

Görüşdə iştirak edən gənclər iclas zalında qoyulan açıq mikrofonlarla arzu və istəklərini, təkliflərini bildiriblər. Müraciətlərdə 2016-ci il Avropa Gənclər Paytaxtı təşkilat komitəsinin həyata keçirdiyi tədbirlərlə bağlı könüllülər qrupuna üzvlərin sayının çoxaldılması, Gəncədə fəaliyyət göstərən universitetlərin yataqxanalarının təmiri, QHT-nin yaradılması, universitet kitabxanalarının zənginləşdirilməsi, “Gəncə Avropa Gənclər Paytaxtı-2016” ilə bağlı flaşmobun yaradılması, muzeylərlə bağlı bukletlərin hazırlanması və digər məsələlərlə bağlı fikirlər səsləndirilib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən görüşdə gənclərin bir sıra problemləri yerindəcə həll olunub. Müraciət və təklifləri ilə bağlı müvafiq qurumların rəhbərlərinə, məsul şəxslərə tapşırıqlar verilib.

Tədbir sonunda ictimai işlərdə xüsusi fəallıqları ilə seçilən gənclər Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif edilib.

Eyni zamanda Gəncə gəncləri tərəfindən Elmar Vəliyevə “Gənclərin Dostu” mükafatı təqdim edilib.