Strasburqda Avropa Parlamentində gənclərin ikinci toplantısı (EYE 2016) keçirilib. “Qafqazinfo”ya daxil olan məlumata görə, “Birlikdə hər şeyi dəyişə bilərik” devizi altında təşkil olunan toplantıda avropalı deputatlar və digər siyasətçilərlə keçirilən müzakirələrdə və seminarlarda 39 ölkədən gələn 7500 gəncə öz fikirlərini bildirmək imkanı yaradılıb.
Tədbirdə Azərbaycan “Gəncə Avropa Gənclər Paytaxtı-2016” İctimai Birliyinin sədri Elmir Vəliyevin və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Zeynalovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Azərbaycanlı gənclər Avropa Parlamentində təşkil edilmiş sessiyalarda çıxış edib və Azərbaycan stendində tariximiz, mədəniyyətimiz, ölkəmizdə aparılan gənclər siyasəti və Gəncə şəhəri haqqında məlumat veriblər.
“Gəncə Avropa Gənclər Paytaxtı -2016” İctimai Birliyinin sədri Elmir Vəliyev sessiyada Gəncənin bu ada layiq görülməsi ilə fəxr etdiyini bildirib. Elmir Vəliyev qeyd edib ki, bu uğur Azərbaycan prezidenti İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının, ümumiyyətlə ölkədə həyata keçirilən uğurlu gənclər siyasətinin nəticəsidir.
Gənclər siyasətinin müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri olduğunu qeyd edən Elmir Vəliyev Gəncənin Avropa Gənclər Paytaxtı seçilməsinin şəhərin gəncləri üçün böyük imkanlar yaratdığını diqqətə çatdırıb.
Bildirilib ki, hazırda “Gəncə Avropa Gənclər Paytaxtı-2016” layihəsində 300-dən çox könüllü çalışır və onların sıraları gündən-günə genişlənir.





Son xəbərlər
Son Xəbərlər