Müdafiə Nazirliyi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin üstünə hücum çəkib. Müasir hüquq maddələri ilə tam silahlanmış ordu Dövlət Komitəsindən torpaqlarını tələb edir. Deyir ki, əvəllər Müdafiə Nazirliyinin balansında olan və sonradan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə verilən torpaq sahələrini, həmin sahələrin üzərində yerləşən tikililəri yaranmış zərurətlə əlaqədar geri qaytarın.
Çox sevinirəm. Çox inanıram. Bu hadisəni başqasında olan Qarabağ torpaqlarını geri almağın məşqi kimi dəyərləndirirəm. Ordu torpaq almaq təliminə başlayıb. Xalqımız, vətənimiz üçün uğurlu olsun.
Bir “amin” kəlməsi işlədib, vətənsizliyin o başında qalan virtual koroğluların “nənəm mənə kor deyib, gəlib-gedəni vur deyib” nəqarətli “qəhrəmanlıq” mahnılarının təsiri altında Arif Yunusa möhkəm ürək, Leyla Yunusa Azərbaycan dilində söyüşsüz sözlər işlətməyi arzulayaq. Polisə də tövsiyyə edək ki, kimliyindən asılı olmayaraq, şübhəli bildikləri hər hansı şəxsi saxlayanda ajiotaj yaratmasınlar, onunla kobud davranmasınlar. Aydındı, güclü olduğunuzu göstərməyə çalışırsız, dövləti - hakimiyyəti qorumağa qadir olduğunuzu göstərirsiz. Vallah ehtiyac yoxdu. Bilirik. Bilirlər.
Cəmiyyəti gərginlikdə saxlamaq artıqdı. Və ziyandı. İnsanlara enerjilərini boşaltmağa şərait yaradın. 20 illik siyasi proseslər göstərdi ki, hakimiyyət güclüdü. Bu gücə nə nöqtənin, nə nidanın, nə sualın gücü çatar. Çatmaz. Müxalfətin Qələbə meydanına 50 minə yaxın etirazçı çıxardığı dönəmi xatırlayaq və nəticəni göz önünə gətirək: hakimiyyət qalasının bir kərpici belə, qopmayıb. 8 “nidaçı” ətrafına “susmayaq biz” deyən 80 min gənc toplasa belə, 88 minlik gənclər ordusu Prezident Administrasiyası İctimai-Siyasi şöbəsinin gənclər təşkilatları ilə iş üzrə sektorunun rəhbəri Vüsal Quliyevə uduzacaq.
Bu məmləkətin müxalifəti də hakimiyyətin özüdü, iqtidarı da. Olsun Isa Qəmbər, olmasın Əli Kərimli. Olmasın İsa Qəmbər, olsun Əli Kərimli, fərqi yoxdu, müxalifətin kimi olur-olsun, bu hakimiyyəti Elnur Aslanov qədər silkələməyi bacarmadı. Ancaq... Bəli, ancaq cənab Aslanov zərərsiziləşdirildi. O Aslanov ki, hər mənada imkanları ilə bütün müxalifət düşərgəsini ən azı 10 il qidalandırmağa gücü çatardı. Bu adam hakimiyyətə uduzdu. Elşad İsgəndərov da uduzdu. Baxmayaraq ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə cəmi ik il idi sədr təyin olunmuşdu.
Ziya Məmmədovdan tutmuş, Kəmaləddin Heydərova qədər istənilən nəhəng iqtidar nümayəndəsi hakmiyyətin potensial qurbanıdır. Hakimiyyət komandasının içi yox, qəlibi monolitdi. Gedən kimdisə fərq etməz, komandanın çərgəsi pozulmasın.
Razılşadıq. Daxildə güc nümayişlərinə mərhələlərlə son qoyulur. Həmin andan yolsuzluğa, təhsil çatışmazlığına, pulsuzluğa, KİV-dəki, əsasən də televiziyalardakı mədəniyyətsizliyə, məmur özbaşınalığına, Aynarın 320-lik sürəti olan avtomobillərinə, Elton müəllimə, müəllim olmayan Eltona qarşı etirazlar xoxan təsiri bağışlamır.
Daxildə gücün nümayişi daha çox siyasi olsa yaxşıdı. Fiziki güc xaricilərə göstərmək üçündü. Adamın evi sökülür, əvəzində verilən pulun azlığından əsəbiləşib ağzına nə gəldi deyir. Deyir də... Məhəlləsindən ayrılmaq ona ağır gəlir. Mərkəzdəki yaşayış nöqtəsini itirib, şəhərin ucqarında yaşamaq məhkumluğuna nəsib olacağına görə taleyini qınayır. Bu dəm 7-8 polis onun üzərinə şığıyır, ram edilməz pələng kimi qəfəsə soxurlar. Və mətbuat haqlı olaraq tamaşaçıda ikrah hissi oyadan mənzərəni aləmə göstərir. O gənci bu koskoca hakmiyyətə təhlükə mənbəyi sayanların beyin quruluşundakı problemin ucbatından bütün cəmiyyət səksəkə içində yaşamaq məhkumluğu qazanır.
Və ortaya virtual qəhrəmanlar çıxır. Və Leyla Yunus dilimizə həqarət söyləyir. Və Müdafiə Nazirliyi Ermənistana qoşun yeritmək əvəzinə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə hücum edir. Eşidib ki, gecədi, bilmir ki, necədi.
İşıqları yandıraq. Qaranlıq yalançı qəhrəmanlar yaradır.
azerfax.az