Elnur Məcidlidən axtarışda olması ilə bağlı - - Açıqlama

elnur-mecidliden-axtarisda-olmasi-ile-bagli-
Oxunma sayı: 1401


“Qafqazinfo” xəbər verir ki, Məcidli facebook hesabında yayılan xəbəri əhəmiyyətsiz adlandırıb:

“Bayat xəbər ehtivası oyandıran bu xəbərdə istinad edilən məqamlar 3 il əvvələ aid olduğu üçün o qədər əhəmiyyət verilməsi gərəkən hadisə hesab etmirəm.

Sadəcə dəqiqləşdirilməsi gərəkən məqam bu informasiyanın yuxarıda adı çəkilən idarənin saytına dünən yoxsa daha öncələr yerləşdirilməsiylə bağlıdır.

Əgər rəsmi qurumun saytına məlumat dünən yerləşdirilibsə və yaxud uzun müddət əvvəl yerləşdirilən məlumat dünən anidən xəbər halına gətirilirsə, hər iki halda təəccüb yaradır.

Belə bir informasiyanın ani yerləşdirilməsi və (və ya) xəbər halına gətirilməsinin arxasında məni hansısa siyasi oyuna çəkmə cəhdi varsa, buna cəhd edənlərin yanıldıqlarını indidən vurğulamaq istəyirəm.

Nə mənə, nə də Bakıdakı ailə üzvlərimə, vəkilimə bununla bağlı hər hansı rəsmi məlumat çatdırılmayıb. Hazırda Fransadayam və Parisdəyəm, ümumilikdə Mən artıq 10 ildirki Fransada yaşayıram.

Hal-hazırda əsas enerjimi Parisdə hüquqi yardım və tərcümə şirkətimlə (EM Productions) yanaşı yeni fəaliyyətə başlayan inşaat şirkətimizin (SAHEL Construction) fəaliyyətinə və inkişafına yönəltmişəm.

Bu zamana qədər öz ölkəmin və xalqımın maraqlarını ön planda tutan biri olaraq bundan sonra da eyni düşüncə və arzuda olacağımı bir daha qeyd etmək istəyirəm”.

Xatırladaq ki, məlumatda qeyd olunurdu ki, Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Məcidli Elnur Abdulla oğlu 4 aprel 2011-ci il tarixdən Nəsimi Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 281.1-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar - hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə) maddəsi ilə axtarışdadır.

O, Cinayət Məcəlləsinin bu maddəsi ilə təqsirləndirilən şəxsi beş ilədək müddəti azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, E. Məcidli sosial şəbəkələrdə “11 mart - Böyük Xalq Günü” və “2 Aprel-Böyük Qəzəb Günü” aksiyalarının təşkilatçısı qismində tanınaraq barəsində cinayət işi başlanıb. E. Məcidli hazırda Azərbaycanda olmadığı üçün onun tutulması üçün barəsində beynəlxalq axtarış elan olunub.