Elnur və “O Səs Türkiyə”

elnur-ve-o-ses-turkiye
Oxunma sayı: 4084


Elnur Hüseynov dünən gecə Azərbaycanın Türkiyədə döyünən ürəyi idi. Bu ürəyin çırpıntısı o qədər gurultulu və duyulan idi ki, hətta Türkiyədə bəzi insanların, kütlələrin beynini çalxalamış oldu. Elnurun qələbəsini, demək olar, bütün izləyən Azərbaycan xalqı o qədər ürəkdən istəyirdi, baş tutanda (ki belə də olacaqdı) buna hədsiz sevindilər.

Öncəliklə, siyasi-coğrafi məkan olaraq, Türkiyə elə bir qarışıq yerdədir ki, burada bir çox millətdən və hər düşüncədən insanlar yüz illərdir yaşayırlar. Ermənisi, rumu, yunanı, lazı, ingilisi, kürdü, rusu, italyanı, türkməni, çərkəzi, Azərbaycan türkü və saymaqla bitməyən bir sürü millət... Bu səbəbdən də qarışıqlıq olan bu məkanda fikirlər də, düşüncələr də qarışıqdır. Amma Azərbaycan və Türkiyə xalqları arasında xüsusi bir münasibət var və bu münasibətə sıcaq baxmayıb, sevinməyənlərə bir şeyi demək istəyirəm yaxşı yadınıza salın, Azərbaycan türkünün başı dara düşəndə ilk üz tutacağı məkan Türkiyədir. Çünki bizim özümüzü BİZ kimi hiss edəcəyimiz məkan da elə Türkiyədir. Dil, din, adət-ənənəni bir kənara qoyanda, hətta atalar misallarımız belə bir-birinin eynisidir. Bunu Sovetlər zamanında da, rus çarlığı zamanı da incəsənət xadimlərimizin, ziyalılarımızın və siyası düşüncəsi ucbatından sürgün yaşayan insanlarımızın üz tutması ilə isbatlamaq mümkündür. Eləcə də, Türkiyə türklərinin ikinci vətəni Azərbaycandır, hansı ki, yüz minlərlə türk Azərbaycanda yaşayır, çörək pulunu qazanır və ya oxuyur. Elnur Hüseynovun da Türkiyəyə üz tutması qədər təbii nə ola bilərdi ki...

Və gələk, Elnurun qələbəsinə... Dünən “O Səs Türkiyə”də tək Azərbaycan deyil ƏSL MUSİQİ qələbə çaldı. Bəzi türk saytlarının da kinayəli şəkildə “Elnur cəmi bir türk mahnısı oxumaqla “O Səs Türkiyə”nin necə qalibi oldu?” cümləsinə qarşılıq bir sual vermək istəyirəm ki, Elnur çıxıb orda bir kürd və ya bir erməni mahnısımı oxumalı idi? Elnur, ola bilsin, Türkiyə türkçəsini yaxşı bilmir, amma nə fərq edər, bizim danışdığımız TÜRKÇƏyi siz məgər anlamırsınızmı? O zaman niyə bizim mahnılarımıza belə yanğıyla qulaq asırsınız? Bir də ki, Elnur orda iki Azərbaycan mahnısı oxudu, elə o da türkçə deyildimi? Və bu saytların altındaki cılız qısqanclıq yorumlarına da toxunmaq istəyirəm. Elnuru istər Rıza Zərrab gətirmiş olsun, istər də arvadına görə birinci etmiş olsun, Elnur “O Səs Türkiyə”dəki səslərin hamısının ən güclüsü və ən yetənəklisi idi. Operadan anlamayan, ona, sadəcə, bağırmaq kimi baxanlara və bu güclü səsin sehrindən başı gicəllənib ağlına gələni yazanlara demək istəyirəm ki, sizin musiqi zövqünüz Ahmet Kayadan o tərəfə keçməyib zatən. Amma bu, çoxluğun fikri deyildi onsuz da... Elnurun dəstəkləyən və sevən o qədər çox türk vardı ki...

Gələk, bu qələbənin önəmli tərəflərindən birinə. Qısqanclıqla Azərbaycan xalqı Türkiyəliləri sevmir və ya Türkiyəlilərin Azərbaycanlılardan zəhləsi gedir deyənlərə dünən gecə bunun yalan olduğu bir daha isbatlandı. Bir də Elnur Azərbaycan kişisini Türkiyəli qadına sevdirdi. Elnur öz kibar və eleqant davranışı ilə Azərbaycan kişisinə qarşı simpatiya oyandırmış oldu. Və Elnuru Azərbaycanda da qısqanib, ağzına gələni danışanlar da az olmadı. Amma bunlar da milçək vızıltısından başqa bir şey deyildi. Sadəcə, ürək bulandırmağa çalışırdılar.

Unutmayın ki, vaxtilə klassik musiqini Türkiyəyə köç edən incəsənət xadimlərimizin timsalında və sayəsində daha çox mənimsəyən Türkiyəlilər bir qədər bunu unutmuş olsalar da, bir daha Azərbaycan xalqının nə qədər istedadlı olduğuna Elnur vasitəsilə şahid oldular. Və əsl zövqlü musiqi və mədəniyyət qalib gəlmiş oldu. Bu cür yarışmalardakı səsvermənin pul tələsi olduğunu bilsəm də, mən də öz borcumu yerinə yetirib bu yazını yazmaqla qalmadı, həm də Elnura oyumu göndərdim. Bunlar hamısı unudulub gedəcək, amma qalibiyyət yadda qalandır. Bütün gerçək musiqi sevərləri təbrik edirəm.