Elton Məmmədovun oğluna pul “atan”a şərti cəza verildi

elton-memmedovun-ogluna-pul-atana-serti-ceza-verildi
Oxunma sayı: 1305

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətova hökm oxunub. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Azər Paşayevin icraatında olan prosesdə R. Heybətovun vəkili Vasif İsrafilov çıxış edərək bu işdə cinayət motivi olmadığını bildirib : "Sadəcə qəza baş verib və pul itib. Rövşənlə Elnur əvvəldən dost olublar, indi də əlaqələri davam edir. Rövşən heç vaxt pulu danmayıb, imkan olduqda ödəniş edib. Xahiş edirəm, hökm çıxarılarkən bunlar nəzərə alınsın". 

Məhkəmə kollegiyasının hökmü ilə R. Heybətova 1 il sınaq müddəti olmaqla şərti cəza verilib. O, istintaq dövründə azadlıqda olduğunu üçün sərbəst qalıb. 

Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs sabiq nazir Ziya Məmmədovun qardaşı,  sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovdur. 

E.Məmmədov  Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə edərək 100 min manat pulunu dələduzluq yolu ilə mənimsədiyini bildirib. R. Heybətov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib və 5 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb. Hazırda azadlıqdadır. 

E.Məmmədov işlə bağlı R.Heybətova 200 min manat verərək Türkiyəyə göndərib. R. Heybətov orada avtomobil qəzasına düşüb və xəstəxanaya yerləşdirilib. Həmin zaman isə pulun üzərində olmadığını görüb. E. Məmmədov isə buna inanmayaraq R. Heybətovun pulu mənimsədiyini bildirib və polisə şikayət edib.

İstintaq tamamlandıqda isə R.Heybətov yekun olaraq 210 min manat mənimsəməkdə ittiham edilib. 

Onu da qeyd edək ki, Elnur Məmmədov "Best of the Best" promoşn qrupunun prezidenti olmaqla yanaşı, həmçinin, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi olub. 

Murad Əhməd