Mayın 13-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə növbəti onlayn videomüşavirə keçirib.
“Qafqazinfo” xəbər verir ki, onlayn videomüşavirədə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qeyd edib ki, ölkədə koronavirus xəstələrinin müalicəsi üçün 20-dən artıq xəstəxana ayrılıb, virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, bəzi tibb avadanlığı və ləvazimatlar ölkəyə gətirilib, testlərin aparılması üçün laboratoriyalar fəaliyyətə başlamış, daxili tələbatı ödəmək üçün qısa müddət ərzində qoruyucu və digər tibbi ləvazimatların istehsalına başlanılıb.
2020-ci il mayın 4-də Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans vasitəsilə Zirvə görüşünün keçirildiyini bildirən icra başçısı qeyd edib ki, bu görüşün keçirilməsi Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir.
İcra başçısı bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru İlham Əliyevə məktub ünvanlayaraq COVID-19-a qarşı mübarizədə qabaqlayıcı tədbirlər həyata keçirdiyi üçün Azərbaycan Hökumətinin gördüyü işləri yüksək qiymətləndirib. Eyni zamanda, o, Prezidentin milli, regional və qlobal səviyyələrdə çoxtərəfli diplomatiyaya və həmrəyliyə dəstəyini nümunəvi adlandırıb.
İcra başçısı qeyd edib ki, ölkə başçısı öz çıxışlarında hər zaman çağırışlar edir, məmurları düzgün, ədalətli olmağa çağırır: “Hər bir məmur dövlət başçısının xəbərdarlığından nəticə çıxarmalı və öz fəaliyyətlərində qanunsuz hərəkətlərə yol verməməlidirlər. Əks halda, onlar qanunun gücü ilə qarşılaşacaqlar. Dövlət başçısının korrupsiya və rüşvətxorluqla mübarizənin getdikcə sərtləşdirməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulmasına verdiyi önəm hər bir ölkə vətəndaşının ürəyincədir”.
Onlayn videomüşavirədə icra başçısı icra hakimiyyətinin nəzdində yaradılmış monitorinq qruplarının işinin gücləndirilməsi, dezinfeksiya işlərinin davam etdirilməsi, yeni yaradılmış ictimai iş yerləri və sosial müdafiəyə ehtiyacı olan ailələrə paylanan yardımlarla bağlı araşdırmaların aparılması barədə tapşırıqlar verib.


Son xəbərlər
Son Xəbərlər