Əməkdar artist, Bakı Bələdiyyə Teatrının veteran aktyoru Rafiq İbrahimov vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə teatrın sosial şəbəkə hesabında paylaşım olunub.
Qeyd edək ki, R.İbrahimov 2 noyabr 1955-ci ildə anadan olub. 1994-cü ildən Bakı Bələdiyyə Teatrı ilə əməkdaşlıq edib.
O, bir-birindən maraqlı obrazlarla yadda qalıb. “Nadir şah” faciəsində Səlim xan, R.İçərişəhərlinin “Vətənə igidlər gərəkdir” pyesində Fikrət, S.Rəşidinin “Mənim Ərdəbilim” əsərində Həşim ağa, O.Altunbayın “Tomris”ində Bagudar, F.Məmmədovun “Anasının gül balası”nda Şahmar rollarını ustalıqla canlandırıb.
Aktyor tamaşalarla bərabər “Qanun Naminə”, “Yanmış Körpülər”, “Sonuncu Dərviş” kimi ekran işlərində də rol alıb.