“Əməliyyatdan sonra pasiyentlər artıq çəkilərinin 75-95%-ni itirir” - Habil Qafarov

emeliyyatdan-sonra-pasiyentler-artiq-cekilerinin-75-95-ni-itirir
Oxunma sayı: 3615

Son dövrlər Azərbaycanda artıq çəkidən əziyyət çəkən insanlar radikal üsula əl ataraq, mədəkiçiltmə əməliyyatına gedirlər. Artıq dietoloq və idmanın köməyə çatmadığı, çəkini azaltmadığı vaxtda bariatrik cərrahiyyə köməyə gəlir. Bu əməliyyatın müsbət və mənfiləri, insanları narahat edən məqamlar barədə bariatrik cərrah Habil Qafarovla söhbətləşdik. Mədəkiçiltmə əməliyyatı istəyən amma müəyyən qorxu və narahatlığı keçirənlər, bu müsahibə sizin üçündür:

- Habil bəy, mədəkiçiltmə olsa da yenə mədəsi böyüyüb əvvəlki formasına düşən pasiyentləriniz olubmu?

- Bu əməliyyat insanlara artıq çəkilərindən azad olmaq üçün verilmiş fürsətdir. 1-1.5 il ərzində pasiyent artıq çəkisinin 75-90%-ni itirərək ideal çəkisinə nail olur. Mədə əzələli orqan olduğu üçün əməliyyatdan sonra təkrar çəki almaq ehtimalı 8-10%-dir. Əgər pasiyent 120 kq çəkidədirsə, əməliyyatdan sonra itirdiyi 50-60 kq çəkini yenidən almaq ehtimalı bir faizin altındadır. Yəni, bu ehtimal yox deyəcək qədər azdır. Ancaq 60-65 kq pasiyentin yenidən 5-10 kq çəki alma ehtimalı var. Amma mənim təcrübəmdə yenidən artıq çəki alan pasiyentim olmayıb.

- Mədəkiçiltmə əməliyyatı nə vaxt təhlükəli olur?

- Bu əməliyyat laparoskopik əməliyyatdır, hansısa təhlükəsinə görə qarın boşluğunda icra edilən digər əməliyyatlardan seçilmir. Sadəcə əməliyyat texniki baxımdan düzgün icra edilməlidir. Pasiyentlərə əməliyyatdan əvvəl və sonrakı dövrdə, işin gedişində həssaslıqla yanaşılmalıdır. Uğurlu keçən əməliyyatdan sonra hər hansı təhlükə ehtimalı yoxdur.

-Mədəkiçiltmə əməliyyatını başqa əməliyyatlarla birgə icra etmək olar?

- Əgər həmin əməliyyat qarın boşluğunda icra ediləcək və bizim əməliyyatın müddətini çox uzatmırsa, əməliyyatları edirik.  Öddə daş, polip, diafraqmal yırtıq, qarının ön divarındakı yırtıq əməliyyatları ilə birgə icra etmək olar. Əməliyyat qarın boşluğunda deyilsə, onda birgə etməyi məsləhət görmürük. Çünki pasiyentin daha çox narkozda qalmasına səbəb olur. Plastik əməliyyatlara isə əməliyyatdan 1-1,5 il sonra icazə veririk. Çünki arıqlama prosesi bir il ərzində davam edir və ideal çəkiyə nail olduqdan sonra plastik əməliyyatın icrası daha doğrudur.

-Bu əməliyyatla bağlı yaş məhdudiyyəti varmı?

- Mədəkiçiltmə əməliyyatı 15-65 yaş aralığındakı insanlara edilir. Bəzən bizə 15 yaşdan aşağı, 65 yaşdan yuxarı olanlar da müraciət edə bilir. Təbii ki bu şəxslərə xüsusi həssaslıqla yanaşılır, əməliyyat paketi daha geniş götürülür. Əgər ciddi ehtiyac varsa və əks göstəriş yoxdursa, o halda əməliyyat qərarı verilə bilər.

"Pasiyent 120 kq çəkidədirsə, əməliyyatdan sonra itirdiyi 50-60 kq çəkini yenidən almaq ehtimalı bir faizin altındadır"

- Mədəkiçiltmə ilə bağlı nələr səhv bilinir?

- Əməliyyatdan sonra şişin yarandığı haqqında mif var. Təbii ki belə bir ehtimal yoxdur. Elə əməliyyatlar var ki, böyrək və ya öd kisəsi çıxarılır. Onların yerində şiş yaranır? Necə onların yerində xərçəng xəstəliyi yaranmırsa, mədəkiçiltmə əməliyyatında da eləcə. Eyni zamanda mədənin tamamilə çıxarılması dedi-qodusu da var. Halbuki, mədənin yalnız bir hissəsi, 75%-i götürülür.

- Mədənin çox hissəsi alındığına görə insanlarda kəskin zəifləmə, kritik vəziyyət yarana bilərmi?

- Xeyr, əməliyyatdan sonra pasiyentlər artıq çəkilərinin 75-95%-ni itirir. Bu da ümumi çəkidən yox, artıq çəkidən gedir. Yəni, pasiyentin tamamilə arıqlayıb anoreksiya halına düşmə ehtimalı yox deyəcək qədər azdır.

- Bu əməliyyatdan sonra əsas dəyişikliklər nələrdir?

- Əməliyyatdan sonra artıq çəkidən, piylənmədən azad olurlar. Piylənmənin yaratdığı fəsadlardan qurtulurlar. Daha sağlam, komfortlu, kompleksiz həyata başlayırlar. Şübhəsiz ki, bu insanların sosial həyatları, ətrafa, çevrəyə, geyimə olan münasibətləri dəyişir. İnsanların gözünün güldüyünü görürəm. Xoşbəxt görünməkləri məni bir həkim kimi məqsədimə çatdığımı hiss etdirir.