“Əminəm ki, TAP da vaxtında istismara veriləcək” - Prezident

eminem-ki-tap-da-vaxtinda-istismara-verilecek
Oxunma sayı: 1089

“Cənub Qaz Dəhlizi ölkələr arasında körpülər yaradacaq və daha böyük anlaşmaya yol açacaq”.

“Qafqazinfo”nun məlumatına görə, bunu Prezident İlham Əliyev Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində çıxışı zamanı deyib:

 "Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir, maliyyə dəyəri 38 milyard dollardır və dörd layihədən ibarətdir. Onlardan üçü - “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri istifadəyə verilib, bu gün isə TANAP tam istifadəyə verilir. Dördüncü layihə olan TAP-ın icrası artıq 90 faizi keçib. Əminəm ki, TAP da vaxtında istismara veriləcək. Beləliklə, Avrasiyada ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizi vaxtında istismara veriləcəkdir.

Bildirməliyəm ki, bu layihələrin həyata keçirilməsi Türkiyə-Azərbaycan birgə siyasi iradəsinin məhsuludur, eyni zamanda, biz bunu digər ölkələrin iştirakı və özəl şirkətlərin maliyyə dəstəyi ilə reallaşdırdıq. Bu gün Cənub Qaz Dəhlizi özündə 7 ölkəni birləşdirir və bu, artıq beynəlxalq əməkdaşlıq layihəsidir. Bu layihə ölkələr arasında körpülər yaradacaq və daha böyük anlaşmaya yol açacaq. Bu layihədə iştirak edən 7 ölkə, - onlardan üçü Avropa İttifaqının üzvüdür,- bundan sonra uzun illər birlikdə çalışacaq və bunun faydasını bölüşəcəklər. Yəni, bu layihə əməkdaşlıq, sabitlik, uzunmüddətli anlaşma gətirir. Yəni, bu layihələrə, sadəcə olaraq, enerji layihələri kimi baxmaq düzgün olmaz. Onu da bildirməliyəm ki, bizim enerji layihələrimiz digər layihələrə də yol açdı. İki il bundan əvvəl əziz qardaşım, Prezident Ərdoğanla birlikdə Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını qeyd etdik. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə həm Azərbaycanın, həm Orta Asiya ölkələrinin, həm də Əfqanıstanın və Çinin yükləri daşınır. Bu dəmir yolu qitələri birləşdirir. Necə ki, bizim boru xətlərimiz. Digər layihə elektrik enerjisinin ötürülməsidir. Artıq Azərbaycan Gürcüstana və Türkiyəyə elektrik enerjisini ixrac edir. Əgər enerji layihələri, yaşadığımız bölgədə sabitlik, qarşılıqlı dəstək, anlaşma olmasaydı bunların biri də həyata keçməzdi".