Əmoğludan üç minlik oğurluq etdi

emogludan-uc-minlik-ogurluq-etdi
Oxunma sayı: 1146

Şəmkirdə yaşayış evi qarət edilib. Rayon Polisinin araşdırmaları nəticəsində zərərçəkmişin öz əmisi oğlu tərəfindən qarət olunduğu məlum olub.

“Qafqazinfo” anspress-ə istinadən bildirir ki, bu barədə Şəmkir RPŞ-yə Şəmkir sakini Sayad Qəhrəmanov məlumat verib və bildirib ki, evindən 3 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Zərərçəkənin müraciəti əsasında əməliyyat tədbirlərinə başlayan polis əməkdaşları qısa zamanda oğurluğun kim tərəfindən törədilməsini müəyyən edib. Məlum olub ki, Qəhrəmanovun evini qarət edən doğma əmisioğlu Ramiz Zirəddinlidir.

"Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sayad Qəhrəmanovun evindən qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən 1991-ci il təvəllüdlü Ramiz Zirəddinli maddi sübutlarla birlikdə saxlanılıb." - deyə Şəmkir RPŞ-nin müstəntiqi Taleh Şamilov bildirir.
Cinayət əməlini etiraf edən Ramiz Zirəddinli ifadəsində oğurluğu evdə heç kimin olmamasından istifadə edərək törətdiyini deyib. Bundan əvvəl digər qohumlarının evində də oğurluğa cəhd göstərən şəxs əməlindən peşman olduğunu dilə gətirib.

"Əvvəlcə küçəni baş tərəfində dayandım. Gördüm ki, əmim oğlunun evində işıq yanmır. Yaxınlaşıb çəpərdən həyətə, sonra pəncərədən içəri daxil oldum. Evdə pul tapa bilmədim, qızılları götürüb çıxdım." - deyə saxlanılan Ramiz bildirib.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. Zirəddinlinin digər cinayətlərdə iştirak edib-etmədiyi araşdırılır.