Emosional Sadıqov və Qurbanovun jestləri... - Video

emosional-sadiqov-ve-qurbanovun-jestleri
Oxunma sayı: 1458

Artıq Azərbaycan Premyer Liqası komandalardan çox məşqçilərin rəqabətinə çevrilir. Samir Abasovun “Neftçi”yə, Rəşad Sadıqovun “Zirə”yə təyinatı futbolumuza marağı olanların işinə yarayır desək, yanılmarıq. “Sumqayıt”dakı mükəmməl oyunu ilə özünü sübut etmiş Abasov və Qurban Qurbanovun yanında illərdir Avropa arenasında yetişən Sadıqov. 

Hər halda bu komandaların 3-cü arasındakı duellər maraq yarada bilir.  Qurban Qurbanovla Samir Abasovun duelində ikinci qələbə qazanaraq turnir cədvəlinin zirvəsini ələ keçirmişdi. Bu dəfə Qurbanov yaxın dostu, illərdir yanında həm oynayan, həm kapitanlıq edən, həm məşqçi işləyən Sadıqovun “Zirə”sinə qarşı meydana çıxmışdı. Oyundan öncə Sadıqov ona doğma olan ehtiyat oyunçular skamyasına yaxınlaşıb “Qarabağ”ın məşqçi, futbolçu heyəti ilə görüşdü.

Mövsümü yaxşı keçirən zirəlilərin rəqibinə başağrısı olacağı gözlənilsə də, qarşılaşmanın əvvəlində bənzər qollar buraxmaqla işini çox çətinə saldı. Yəqin ki, başlanğıcda qapısında toplar görən “Zirə”nin toparlanıb ağdamlılara iki qol vuracağına heç kəs inanmırdı. Lakin bundan çox hələ qollara qədər çılğın və emosionallığı ilə diqqət çəkən Sadıqovu oyunboyu müşahidə etmək çox maraqlı idi. Hətta o ilk hissədə əvvəlcə “Zirə”nin aut atacağını, daha sonra isə qərarını “Qarabağ”ın leyhinə dəyişən baş hakim Elçin Məsiyevlə də mübahisə etdi.

Sadıqov referiyə “əvvəlcə o tərəfi göstərirsən futbolçularım gedir, sonra qərarı dəyişirsən yerlərinə qayıtmadan rəqib aut atır” deyə irad bildirdi. Hakim də çalışdırıcıya sərt xəbərdarlıq etdi. Sabiq komandasına qarşı aqressivliyi xüsusilə diqqətəlayiq idi. Bəlkə də müəllimi Qurban Qurbanovun qarşısında Sadıqov özünü sübut etmək istəyirdi. Lakin illərin sisteminə qarşı oynamaq yeni məşqçi üçün asan olmadı. 

Sadıqovun emosionallığı fonunda Qurban Qurbanov həmişəki təmkinini qoruyurdu. Komandasının erkən qolları da onu rahatlatmışdı. Meydanda heç nə ilə yadda qalmayan “Zirə”yə qarşı “Qarabağ” istədiyi futbolu diktə edə bilirdi. 
Xüsusi məqamlar isə Qurban Qurbanovun jestləri ilə bağlı idi. Matçın 82-ci dəqiqəsində “Zirə”nin hücumu zamanı meydan sahiblərinin futbolçusu Klesio Bauk zədələndi və top meydandan çıxdı. “Qarabağ” oyunçularının heç bir təması olmadan zədələnməsinə baxmayaraq ağdam klubunun futbolçuları topu “Zirə”yə qaytardılar. 

84-cü dəqiqədə isə Qurbanov daha bir jesti ilə diqqət çəkdi. O, “Zirə”nin azlıqda olmasını nəzərə alaraq, kapitan Maksim Medvedevdən hücum təşkil olunması üçün fürsət olmasına baxmayaraq topu meydandan çıxarmasını istədi. Belə də komandaların sayı bərabərləşdi. 

Matçın gedişində kiçik foullar zamanı yerə yıxılan Elvin Cəfərquliyevə Qurbanovun iradı da diqqətdən yayınmadı. Rəqib futbolçuların toxunuşlarından sonra tez-tez qışqıran gənc futbolçuya təcrübəli məşqçi “Elvin, hər dəfə niyə qışqırırsan” deyərək irad bildirdi. 

Matçı maraqlı edən məqamlardan biri də Qurban Qurbanovun oğlu Musa Qurbanovun ikinci hissədə meydana çıxması idi. Musa bu matçda sabiq və atasının komandası “Qarabağ”a qarşı oynamalı idi. Matçın yarısını meydanda olmasına baxmayaraq xüsusi fəallıq göstərən forvard qol vurmağa həvəsli görünürdü. Matçdan sonra Qurban Qurbanova “məşqçi kimi yox, ata kimi Musanın oyunundan razı qaldınız” sualına isə maraqlı cavab  verdi. Qurbanov bu suala gülərək “daha çox öz komandama baxırdım, sualı Rəşada verin” cavab verdi. 

Qurban Qurbanovla Rəşad Sadıqovun maraqlı mübarizəsini çempionluğa əsas namizəd “Qarabağ” qazandı və “Neftçi”nin bu mövsüm məğlub edə bilmədiyi rəqibdən 3 xal almaqla çempionluq yolunda böyük addım atdı.  

Elsevər Məmmədov