Ən aktual mövzu “Səni axtarıram”ın kanal dəyişməsi idi

en-aktual-movzu-seni-axtariramin-kanal-deyismesi-idi
Oxunma sayı: 3126


Bu həftə sonu tamam başqa dünyaya düşmüşdüm sanki. Tamam başqa Azərbaycanda, başqa Bakıda, başqa məmləkət insanlarının əhatəsində. Dünyanın başqa olmasının səbəbi isə aparıcılar demiş, o mavi ekrandan süzülənlər idi. 2 gün dalbadal milli kanallara baxmaq zorunda qaldım. Halbuki özgə vaxt başıma silah dirəsələr, heç kim məni onlara baxmağa məcbur edəmməzdi. Qonağam, qonaq da bildiyiniz kimi, umduğunu yox, bulduğunu yeyən kateqoriyadır. 

Başlayaq şənbə günündən. Günorta saatlarında milli kanallarda vur-partlasın, çal oynasın idi. Adını bilmədiyim, üzünü ilk dəfə gördüyüm müğənnilər aramsız oxuyurdular. Fonoqramın hesabına dost tutmuşdular efiri özlərinə. Mətbəxdə soğan doğraya-doğraya mahnı oxuyan evdar qadınların səs tembri qədər səs tembri olan zənənlər telekanalları rəsmən işğal etmişdi. Sonra dar, qırmızışalvarlı, nazı-qəmzəsi yüz ilin qadınında tapılmayan gənc oğlanlar çıxdı efirə. Onlar da müğənni idi. Aparıcı onların hər birini “səhnəmizin yeni ulduzu”, “ekranların sevilən siması”, “parlayan sənətçi” kimi təqdim etdi, gözüm qamaşdı parıltılarından, kanalı dəyişdim. 

Gördüm o biri kanalda bir aparıcı 7-8 nəfər aktyoru, müğənnini hansısa bağ evinə yığıb, ev yiyəsinə süfrə açdırıb, oxudub oynadır onları. Bağ evinə baxırsan, saraya bənzəyir, qonaqlara baxırsan, par-par parıldayırlar. Arada aparıcı onlardan biriylə necə “səmimi” olduğunu göstərmək üçün qayıtdı ki, “az, bəsdi artistlik elədin də... Suala düz cavab ver”. Dava düşəcək deyə düşündüm, başqa kanala keçdim.

Başqa bir kanalda başqa bir xanım bir neçə nəfər qonaq çağırmışdı yenə. Amma özü danışırdı. Qonaq ağzını açıb suala cavab vermək istəyən kimi aparıcı “sən söhbətini elə” ədasında öz sözünü deyirdi. Axırda da belə ab-hava yaratdı ki, bəs mən bu studiyadakıların hamısından ağıllıyam, siz də mənim işığıma yığılın. 

Günün gülünü isə aşıqları verilişə çağıran xanım vurdu. Məlum, mövzu aktual idi, aşıq sənətinin düşdüyü durumdan danışırdılar. Amma arada söyüş də oldu, təhqir də səsləndi, aparıcı qonaqlara “ayıbdı, aşıq sənətini belə günə qoymaq olmaz” deyib, ağıl da verdi. Verilişin anonsunu daha öncə yaymışdılar, orda da təhqir də səslənmişdi, təhqir yiyəsi də bu təhqirə cavab vermişdi. Amma axırda belə açıqlama verildi ki, bəs bu deyilən təhqir deyil, ustadın şilləsidir. Hə, bir də yadımdan çıxmamış. Aşıq sənətinin necə dəyərli olduğunu sübut etmək istəyən “ekspertlər” belə müqayisə apardılar ki, bəs insanlar nəyinsə yaxşı olduğunu göstərmək üçün onu sazla müqayisə edirlər. Kefim sazdır, maşınım sazdır...tipində. “Gör heç deyirlərmi ki, kefim gitaradır?” Təxminən belə fəlsəfi hava vardı efirdə, çox qürur duydum. 

Qonağı olduğum evdə isə ən aktual mövzu “Səni axtarıram”ın kanal dəyişməsi idi. Evin xanımı eyzən maraqlanırdı ki, bəs veriliş niyə kanal dəyişdirib, dəyişəndən sonra əvvəlki kimi yenə də insanları ağladacaqmı, ağladacaqsa bunu efirdə göstərəcəklərmi?  Dərd böyük idi, ev yiyəsininki ən azı. Suallarına müfəssəl cavab verə bilmədiyim üçün hətta gözündən də düşdüm. “Nə günün jurnalistisən” ədasında bir baxış atdı, xəcalətimdən qarşısında işlədiyim netbukun içində itib-batmaq istədim... 

Problemlər içində itib-batan ölkənin efirində bu problemin “p”sini də görmədim. Hamı şad-xürrəm idi, Bakı 2015 olimpiya oyunlarına hazırlaşırdı, xanımları dəb, yemək, izdivac, itkin-sürgün, gəncləri səviyyəsiz, şit komediya verilişlərinin tamaşaçısı gördüm. Dövlət idarələrinin qapısında sürünən, dərdinə əlac tapa bilməyən insanların niyə bu verilişlərə meyl etməsinin səbəbini tapmaq üçün professor olmağa ehtiyac yox idi. Sonuncu ölən ümidlərdir. Xəstəsinə dərman, dərdinə əlac tapa bilməyən insan yönlənirdi onların yanına.  Biri dərdini unutmaq, o biri probleminə hardasa əlac tapmaq üçün. Bir də orta nəsil kişilərin böyük əksəriyyətinin cavanlığını Rusiyada keçirdiyini nəzərə alsaq, xanımların maraq və həyəcanını anlamaq çətin olmamalıdı... 

Mən həftə sonu ilə birgə o fərqli dünyadan da geri qayıtdım. Kefimiz sazdı ölkə olaraq. Namxuda, maşallah, göz dəyməsin... Hökumət məmurları demişkən, yarıya qədər dolu bardağa iki cür baxmaq lazımdır. Biz yarıya qədər boş hissəsini görürmüşük...

Musavat.com