“Ən böyük arzum Şuşanı görməkdir” - Bora Yazır

en-boyuk-arzum-susani-gormekdir
Oxunma sayı: 3234

“Ukrayna - Türkiyə arasında strateji sənayelər sahəsində anlaşma memorandumu imzalandı. Bir müddət əvvələ geri dönsək, 1922-ci ildə bağlanan Türkiyə - Ukrayna Dostluq və Qardaşlıq müqaviləsində iki önəmli məqama diqqət çəkilmişdi. Birinci məqama əsasən, Türkiyə Ukraynanın keçmiş Rusiya imperiyası ərazisində yaradılmış müstəqil və suveren bir dövlət olduğunu qəbul etdi. İkincisi isə Ukrayna da açıq şəkildə bildirdi ki, Türkiyənin Qafqaz Şuraları Cümhuriyyəti ilə imzaladığı hər bir müqaviləni, Moskva müqaviləsi ilə müəyyən edilmiş Türkiyə sərhədləri ilə tanıyır. Bu müqavilə ilə, şübhəsiz ki, Ukrayna-Türkiyə münasibətlərinin müttəfiqlik əsasında qurulması və Ukraynanın Türkiyə ilə Qafqaz dövlətləri arasındakı müqavilələri tanıması çox vacib idi”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri türkiyəli iş adamı Bora Yazır deyib. O bildirib ki, bu gün Ukrayna – Türkiyə arasında üst səviyyədə inkişaf edən çoxşaxəli diplomatik əlaqələrin təməli də məhz bu müqavilələrlə qoyulub:

“Çünki məhz bundan sonra diplomatik münasibətlər sıxlaşmış və qarşılıqlı olaraq Türkiyə-Ukrayna səfirlik heyətləri göndərilmişdir. Həmçinin 1990-cı ildə Türkiyə Ukraynanın müstəqilliyini tanıyan ilk ölkələrdən olmuşdu.

Təbii ki önəmli məqamlardan biri də Türkiyə ilə Ukrayna arasındakı münasibətlərdə Krım (Qırım) tatarlarının da xüsusi yerinin olmasıdır.

Bu demək olar ki, 3 ölkənin - Türkiyə, Azərbaycan və Ukraynanın ortaq məqamlarından biridir. Bir zamanlar çar imperiya ərazisindəki bütün türkdilli xalqlar, azərbaycanlılar da rəsmi sənədlərdə tatar adlandırılıb.

Türkiyənin dünya və bölgədəki siyasəti, MDB məkanında Azərbaycanın əsas strateji müttəfiqlərindən birinin Ukrayna olması, Türkiyə - Azərbaycan münasibətlərinin bu gün aparıcı ölkələrə nümunə olması üçtərəfli inkişaf üçün münbit şərait formalaşdırdı.

Hazırda Ukraynada mövcud vəziyyət ötən illə müqayisədən bir o qədər də fərqlənmir. Ölkə olaraq maddi-mənəvi, millət olaraq fiziki-psixoloji dəstəyə çox ehtiyac var.

Müharibə başlayandan indiyədək Azərbaycandan, həmçinin Türkiyədən göndərilən yardımlarda və dəstək məqsədilə oradan gətirilən qadın və uşaqların reabilitasiyasında daim dövlətinin yanında olan iş adamları və cəlb edilən investorlar bu gün də Ukrayna üçün edilə biləcək iqtisadi layihələr təklif edir”.

Ukraynaya tez-tez humanitar dəstək göstərən Bora Yazır “müharibədən sonrakı Ukrayna üçün təkcə qardaş ölkə Azərbaycanla birlikdə olmağımız kifayət etməz, biz digər ölkələrə, həm də nümunə olmalıyıq”, - deyə bildirib. İş adamı əlavə edib ki, investisiya və investor cəlbi bu gün qloballaşan dünya üçün o qədər də asan deyil.

“Bunun üçün sınanmış layihələrlə yanaşı, yeniliklərə də açıq olmalıyıq. Biz Azərbaycandan olan bir sıra iş adamları ilə sonuncu təklif barədə dəfələrlə müxtəlif beynəlxalq forum və görüşlərdə fikir mübadiləsi aparırıq. Xatırlayırsınızsa, sonuncu belə görüşlərdən biri hörmətli Prezident İlham Əliyevin himayəsi altında təşkil edilən Qlobal Bakı Forumu idi. Biz orada Azərbaycan və Türkiyənin ali məktəblərində yeni və innovativ layihələr verə biləcək gənc kadr və tələbələr üçün ödənişli layihələr və tətbiq üsulları proqramına start vermək barədə razılığa da gəldik.

Ukrayna bizim üçün vacib və strateji ölkədir. Dəstəyimiz davamlı olacaqdır. Qarşılıqlı münasibətlərimiz haqqında çox söz deməyə ehtiyac da yoxdur, çünki bildiyiniz kimi, fevralın 6-da Türkiyədə baş verən 7.7 ballıq zəlzələdən sonra, mövcud durumuna baxmayaraq, Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin ağır günlərində belə, Türkiyəyə humanitar yardım göstərilməsi barədə Fərman imzaladı. Türkiyəyə Azərbaycandan sonra ilk yardıma gələn ölkələrdən biri olmuşdu Ukrayna.

Bu gün Azərbaycan bütün dünyaya artıq nümunə dövlətdir. İstər siyasi, istər iqtisadi baxımdan, həm müharibə, həm postmüharibə dönəmində iqtisadi stabillik, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma, bölgələrdə sosial-iqtisadi inkişaf proqramının davam etdirilməsi -  bilirsiniz ki, bunlar o qədər də kiçik işlər deyil. Azərbaycan xalqı isə mərddir, daim Prezidentinin yanındadır, biz qardaşlarımızla sadəcə qürur duyuruq və daim yanlarındayıq. İşğaldan azad olunmuş ərazilərdə aparılan işləri izləyirik, bildiyiniz kimi, Türkiyə şirkətləri yenidənqurma işlərində çox aktivdir.

Ən böyük arzum isə gözəl Şuşanı, dünyanın əsrarəngiz təbiətli şəhərini öz gözlərimlə görməkdir”.