“Ən nüfuzu olan adam başqanlığa gətirilməli idi”

en-nufuzu-olan-adam-basqanliga-getirilmeli-idi
Oxunma sayı: 1511

“Seçkilərə heç bir halda kölgə salmaq olmaz. Tamamilə şəffaf, nizamnaməyə  və qanunauyğun şəkildə seçkilər keçirildi.  Məni seçməmələri məsələsinə gəlincə isə düşünürdüm ki, seçilmək çox çətindir, mümkün deyil”

Bunu “Qafqazinfo”ya açıqlamasında Müsavat başqanlığına namizəd olmuş Tofiq Yaqublu deyib. O bildirib ki, hər halda mövqeyini ortaya qoymalı idi: “Mənim nə dediyim, nə istədiyim tamamilə aydındır.  Qaranlıq, başa düşülməyən heç bir məqam yoxdur. Cəmiyyət də bunu görür. Müsavatçılar hansısa prinsipləri, gümanları nəzərə alaraq  Arif bəylə başqan olaraq qalmaqda davam etməyi seçdilər. Onlara xeyirlər, uğurlar arzulayıram. Mən yenə Müsavat Partiyasında qalıram.  Partiyanın daxilində yenə onun fəaliyyətinin güclənməsinə, demokratiya uğurunda mübarizəsinə öz töhfələrimi verəcəm”.

T. Yaqublu vurğulayıb ki, insanlar məsələlərə subyektiv yanaşırlar: “Biri doğru addım atır, digəri isə bunu ziyanlı hesab edir. Dəyərləndirmələr həmişə subyektivdir. Bu konkret ölçü, çəki məsələsi deyil. Əlbəttə, mənim də öz düşüncələrim var. Mən haqlı olduğuma zərrə qədər şübhə etmirəm. Sonda mənim mövqeyimin qalib olacağına da zərrə qədər şübhə etmirəm.  Sadəcə olaraq bu məsələni faciə hesab etmirəm. Cari bir dövrdür, mübarizədir, yola davam etmək lazımdır. Azərbaycan cəmiyyətinin müxalifətçi olaraq cəmiyyətdə daha çox kimi dəstəkləməsi görünür. Bu bir aksiomadır. Elə qurultayda çıxışımda dedim ki, korporativ maraqları kənara qoyub cəmiyyətdə ən nüfuzu olan adamı başqanlığa gətirməlisiniz. Çünki bu bir elemantar məntiqdir. Partiyanın vəzifəsi hakimiyyətə gəlməkdir. Ona görə də partiyanın  başında elə adam durmalıdır ki, o cəmiyyətdən daha çox dəstək alsın. Çünki başqan olaraq həmin şəxs seçicilərə müraciətlər edəcək, mitinqlərə və səsverməyə gəlmələri üçün çağırış edəcək. Bunu müsavatçılar nəzərə almadılar.  Amma yenə də kimsə seçiciyə səsvermə hüququndan niyə elə istifadə etdin deyə irad bildirə bilməz”.

 Günel Türksoy