Enli sinə, püstə dodaq, çatma qaş...

enli-sine-puste-dodaq-catma-qas
Oxunma sayı: 5598


Mayın 19-da Bakının Binəqədi rayonunda baş vermiş dəhşətli yanğın hadisəsi bir daha sübut etdi ki, biz azərbaycanlılar ekstremal situasiyada necə davranmalı olduğumuzu bilmirik. Ona görə yox ki, bunu bizə heç kim öyrətməyib. Ona görə ki, bizim əksəriyyətimiz özümüzü çoxbilmiş adam saydığımız üçün vacib nəsnələri öyrənməyə maraq göstərmirik.

Çoxdan tanıdığım xilasedicilərdən biri yanğından üç gün sonra belə dedi: “Hadisə yerinə yaxınlaşanda gördük ki, bir “Mercedes” yolu kəsib. Sürücü özünə yaxşı mövqe saçib, şəkil çəkirdi. Üç dəfə siqnal verməyimizə baxmayaraq, adamın tükü də tərpənmədi”.

Onu sorğu-sual edəndə məlum oldu ki, sakinlərin təcrübəsizliyi xilasedicilərin işini xeyli çətinləşdirib: “Qapıların əksəriyyəti arxadan bağlı iid. Bağlı qapıları sındırmaq üçün xeyli vaxt tələb olunurdu. Belə hadisələr baş verəndə insanlar qapıları açıq qoymalıdırlar ki, onları tez xilas edə bilək”.

Xəstələrə ilkin tibbi yardım göstərən həkim dostum isə əhalinin elementar qaydalardan xəbərsiz olduğundan şikayətləndi: “Evdə dörd nəfər olduğu halda tüstüdən zəhərlənən adama heç kim yardım edə bilməyib. Halbuki hər bir insanın ilkin tibbi yardım haqda anlayışı olmalıdır”.

Aydın məsələdir ki, həmin hadisə bizlərin yaşadığı binalarda baş versəydi, nəticə heç də fərqli olmayacaqdı. Çünki əksəriyyətimiz fövqəladə hallarda necə hərəkət etməli olduğumuzu bilmirik. Bəs, səbəb nədir? Doğrudanmı, televiziya və radiolar, xəbər portalları, qəzetlər heç vaxt bu mövzuda maarifləndirmə işi aparmayıblar?

Mənə elə gəlir ki, bu barədə açıq danışmağın vaxtı çatıb. Təəssüf ki, Azərbaycanda əhalinin böyük əksəriyyəti ciddi mövzularda hazırlanmış verilişlərə baxmağa, ciddi janrda yazılmış məqalələri oxumağa həvəs göstərmir. Başda dövlət televiziyası olmaqla, bütün telekanallarda kifayət qədər maraqlı verilişlər nümayiş olunur. Amma əhalini maarifləndirmək məqsədilə hazırlanmış bu verilişlər rəqabətdə şou proqramlarına uduzurlar. Əyləncəli verilişlərin adları reytinq cədvəlində həmişə ön sırada yer alır. Tamaşaçıların əksəriyyətini yıxılan adama necə yardım etməkdən çox, yelbeyin müğənnilərin qarderobu maraqlandırır. Eyni iradı bəzi oxuculara da şamil etmək olar. Ciddi materialların oxucuları barmaqla sayılacaq qədər azdır. Sərlövhəsində baldır, sinə, dodaq, yanaq sözləri olan yazılar digər məqalələrlə müqayisədə 10-15 dəfə çox oxunur. Vəziyyət o həddə çatıb ki, bəzi yazıçılar oxucunu “tor”a salmaq üçün öz kitablarına etotik adlar qoyurlar. Nə yazıq ki, sosial şəbəkələrdə də eyni ab-hava hökm sürür. Şair və yazıçılar, jurnalistlər, tanınmış sənət adamları populyarlıqda mini yubkalı qızlara uduzurlar. Buna görə də alovun dilimləri pəncərəmizə yaxınlaşanda vəziyyətdən çıxış yolu tapmaq əvəzinə qapını arxadan bərk-bərk bağlayıb, diri-diri yanacağımız anı göləyirik.

P.S.Yazının sərlövhəsi sizi təəccübləndirməsin. Məqalədə yer alan iradlar mətbuata əyləncə vasitəsi kimi baxan oxuculara aid olduğu üçün bu dəfə onların başa düşdükləri “dildə” yazmaq istədim...