Ər-Riyad Tehranla əlaqələri bir şərtlə bərpa edəcək...

er-riyad-tehranla-elaqeleri-bir-sertle-berpa-edecek
Oxunma sayı: 2122

“Ər-Riyadla Tehran arasındakı diplomatik əlaqələr bir halda bərpa edilə bilər, əgər İran digər ölkələrin daxili işlərinə qarışmaqdan imtina edərsə”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, belə bir bəyanatla Səudiyyə Ərəbistanının BMT-dəki daimi nümayəndəsi Abdulla Əl Müəllimi çıxış edib.

Səfirin sözlərinə görə, siyasi şərait Suriya və Yəməndəki münaqişənin nizama salınması istiqamətindəki siyasi dialoqa təsir etməyəcək. Eyni zamanda Ər-Riyad Suriya ilə bağlı gələcək danışıqları da boykot etmək niyyətində deyil.

Xatırladaq ki, İranla Səudiyyə Ərəbistanı arasındakı diplomatik əlaqələr yanvarın 3-də pozulub. Konfliktin səbəbi isə krallığın şərqində şiələrin haqları üçün çıxış edən şeyx Nimra əl Nimranın edam edilməsi olub. Şeyxdən başqa, daha 46 nəfər də terror fəaliyyətində ittiham olunaraq edam ediliblər.

Buna cavab olaraq İran rəhbərliyi Ər-Riyad ünvanına sərt bəyanatlarla çıxış edib. Öz növbəsində Səudiyyənin Xarici İşlər Nazirliyi İran səfirini çağıraraq ona etiraz notasını təqdim edib. Yanvarın 3-ü gecə isə nümayişçilər Səudiyyənin İrandakı səfirliyinə hücum təşkil ediblər. Bundan sonra Səudiyyə diplomatları İrandan çıxarılıblar.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı vətəndaşlarının İrana səyahəti qadağan edilib. İki ölkə arasında uçuşlara və İranla bütün ticari əlaqələrə də qadağa qoyulub.

İranın birinci vitse-prezidenti Eşak Cahangiri Sudiyyə Ərəbistanını emosional qərarlar verməkdən imtina etməyə çağırıb: “Mən səudiyyəlilərə məsləhət görərdim ki, məntiqə sığmayan təxribatlardan uzaq dursunlar, emosional qərarlardan imtina etsinlər. Çünki onlar İranla bütün əlaqələri kəsərək özlərinə zərər vuracaqlar”.

ABŞ isə regionda əsas müttəfiqi olan Səudiyyə Ərəbistanının bu addımına şərh verməkdən imtina edir və artıq iki sutkadır ki, hər iki ölkəni diplomatik qalmaqalı aradan qaldırmaq üçün dilə tutmağa çalışır.