“Ərazi bütövlüyünü dəstəkləmək İranın rəsmi siyasətidir”

erazi-butovluyunu-desteklemek-iranin-resmi-siyasetidir
Oxunma sayı: 2091

İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaizi Tehranın hər zaman digər ölkələrin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bildirib.

"Qafqazinfo" İranın "Mehr" agentliyinə istinadən xəbər verir ki, Mahmud Vaizi bu barədə Azərbaycan Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə telefonla danışığında bildirib.

Bazar günü baş tutan telefon danışığında Vaizi münaqişə məsələlərində ölkələrin ərazi bütövlüyü və suverenliyini dəstəkləməyin İran İslam Respublikasının rəsmi siyasəti olduğunu və bölgədəki hər hansı bir gərginliyin İranın marağında olmadığını bildirib. O qeyd edib ki, münaqişələrin sülh yolu ilə həlli regional sabitliyin qorunmasına kömək edəcək.

PA rəhbəri İranın bütün ölkələrin, xüsusən də Azərbaycanın sabitliyini, inkişafını və tərəqqisini istədiyini vurğulayaraq bölgədəki mövcud münaqişələrin dialoq və sülh yolu ilə həll ediləcəyinə ümid etdiyini bildirib.

Hikmət Hacıyev də öz növbəsində, Azərbaycanın Tehran-Bakı hərtərəfli əməkdaşlığının inkişafına böyük əhəmiyyət verdiyini bildirib.