Bunu AKP sədrinin müavini Mehmet Ali Şahin prezidentliyə namizədin elan edilməsi üçün keçirilən toplantıda bəyan edib.
O, Ərdoğanın AKP millət vəkillərinin imzası ilə prezident seçkilərinə namizəd göstərildiyini bildirib.
Qeyd edək ki, Türkiyənin iki müxalifət partiyası olan CHP və MHP İslam Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi Ekmələddin İhsanoğlunu prezidentliyə namizəd göstərib. Kürd partiyası HDP-nin namizədi isə Səlahəddin Dəmirtaş olub.
Ərdoğanın ölkədə kifayət qədər nüfuzu olsa da, son aylar baş verən olaylar baş nazirin reytinqinə müəyyən təsir göstərib. Xatırladaq ki, son bələdiyyə seçkilərində AKP səslərin 43 faizini toplayıb. Bəziləri baş nazirin prezident seçkisi zamanı da müəyyən çətinliklə üzləşəcəyini ehtimal edir. Hətta seçkinin qalibinin yalnız ikinci turda bəlli olacağı deyilir.
“Qafqazinfo”nun “azadliq.info”ya istinadən verdiyi məlumata görə, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, əgər CHP və MHP bütün imkanlarını, enerjilərini vahid namizəd ətrafında birləşdirsə və onun kampaniyasına ciddi dəstək versə, seçkinin ikinci turunun keçiriləcəyi mümkündür. Lakin bu məsələdə də şübhələr var. Çünki bu partiyaların sosial bazası fərqlidir. Bu iki partiya əsas namizəd ətrafında birləşsə də, partiyaların özündə də müəyyən fikir ayrılıqları var. Hətta CHP-dən olan bir qrup millət vəkili İhsanoğlunun vahid namizəd olmasına razılıq vermədi. Bu da gələcəkdə parçalanmaların olacağından xəbər verir. Bu da öz mənfi təsirini göstərə bilər.
Ekspertin sözlərinə görə, Ərdoğan siyasətçi, yaxşı natiq, mübariz kimi tanındığı halda İhsanoğlu haqda geniş məlumat yoxdur. Bu şəxsin fəaliyyəti ictimaiyyətə açıq olmayıb. Seçki kampaniyasında onun fəaliyyətindən, insanları inandırmaq qabiliyyətində çox şey asılı olacaq. Ancaq hələ ki, cazibə yaradacaq fikirləri və çıxışları olmayıb: “İhsanoğlunun qarşısında güclü ,xarizmatik, natiqlik qabiliyyəti çox yüksək olan siyasi xadim dayanır. Onunla mübarizə aparmaq asan olmayacaq. İhsanoğlunun nailiyyəti o ola bilər ki, seçkiləri ikinci tura keçirsin. Ancaq ikinci turda da çox çətin olacaq. Ərdoğanın seçilməsi gözlənilir. Hətta fövqəladə hadisələr, rüşvət qalmaqalı, nurçuların hücumları, Gəzi olayları, türk diplomatlarının girov götürülməsi Ərdoğanın reytinqinə mənfi təsir etmədi. Bu baxımdan hər şey müxalifətin ümumi mübarizəsindən asılı olacaq”.
Ekspertin fikrincə, 2-ci tur olacağı təqdirdə İhsanoğlu ilə kürdlərin namizədinin anlaşacağı da gözlənilən deyil. Çünki bu MHP-nin düşüncə tərzinə ziddir. Ona görə də əsas rəqabət Ərdoğan və İhsanoğlu arasında gedəcək. Amma yenə də bütün ehtimallar ona yönəlib ki, birinci tur olmasa da, ikinci turda Ərdoğan üstünlük qazanacaq.
Son xəbərlər
Son Xəbərlər